Politoloq Turan Rzayev Azərbaycan və Kamboca arasında münasibətlərin inkişaf perspektivlərini şərh edib.
Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib.
Görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sənaye, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Gununsesi.info xəbər verir ki, Turan Rzayevin sözlərinə görə, Kamboca coğrafi baxımdan Azərbaycandan uzaqda yerləşsə də, iki ölkə arasında münasibətlərin 30 ildən artıq tarixi var. Tərəflər BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində də əməkdaşlıq edirlər.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Hun Manetlə görüş zamanı iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərinə toxunması siyasi əlaqələrin davamlı xarakter daşıdığını göstərir.
Dövlət başçısı 12 il əvvəl Hun Manetin atası, Kambocanın sabiq Baş naziri Hun Senlə Azərbaycanda keçirdiyi görüşü xatırladaraq, mövcud münasibətlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Rzayevin fikrincə, hazırda Azərbaycan-Kamboca münasibətlərinin əsas inkişaf istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olduğunu bildirsə də, rəsmi səfərdən sonra bu sahədə canlanma gözlədiyini qeyd edib.
Tərəflər, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Politoloq hesab edir ki, coğrafi məsafə və mədəni fərqlər iqtisadi əlaqələrin inkişafına müəyyən təsir göstərsə də, dəyişən beynəlxalq şərait yeni əməkdaşlıq imkanları yaradır. Bu baxımdan, siyasi dialoqun iqtisadi və humanitar əlaqələrlə tamamlanması xüsusi əhəmiyyət daşıyır.
Turan Rzayev təhsil sahəsində əməkdaşlığın da perspektivli istiqamətlərdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin sözlərinə görə, Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Dövlət başçısı həmin ənənənin bərpasının və iki ölkə arasında qarşılıqlı təhsil imkanlarının yaradılmasının vacibliyini qeyd edib.
Politoloqun qənaətinə görə, Kambocadan olan gənclərin Azərbaycanda təhsil alması, ölkənin mədəniyyəti ilə tanış olması və gələcəkdə ikitərəfli əlaqələrin inkişafında iştirak etməsi uzunmüddətli perspektivdə müsbət nəticələr verə bilər. Bu baxımdan, Qarabağ Universiteti də daxil olmaqla, Azərbaycan ali təhsil müəssisələrinin xarici tələbələr üçün cəlbediciliyinin artırılması əhəmiyyətli addım ola bilər.
Səfər çərçivəsində Prezident İlham Əliyev Kambocaya səfərə dəvət olunub. Bu dəvət gələcəkdə yüksək səviyyəli qarşılıqlı təmasların davam etdirilməsi və ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Orxan











