İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!

  • Müəllif: Firuzə
  • 12 Oktyabr 2026 12:38
İran qadınları bunun üçün 50 il mübarizə apardılar. Düz 50 il öz azadlıqlarını, seçim hüquqlarını əldə etmək üçün döyüşdülər.
Hicablarını çıxarmaq, necə geyinəcəklərinə özləri qərar vermək, azad yaşamaq uğrunda mübarizə apardılar.
Bu gün isə İrandakı bəzi qüvvələr Azərbaycanda hicabın məktəblərdə dominant olması üçün ideoloji mübarizə aparırlar.
İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!
Azərbaycan qadını!
Sən bu azadlığı Şərqdə ilk qazanmısan! Sən Şərqdə öz hüquqları uğrunda mübarizə aparan, təhsil almaq, seçmək və cəmiyyətin bərabərhüquqlu üzvü olmaq haqqını əldə edən ilk qadınların varisisən!
İndi də azadlığına sahib çıx!
Oxu, öyrən!
Səni məktəb partasına belə hicabla göndərmək istəyənlərə etiraz et! Məktəbli formanı geyin, gəncliyindən, gözəlliyindən, gözəl saçlarından zövq al!
Dostların, məktəb yoldaşların kimi oxu, oyna, gül, azad ol, gözəl böyü!
Qarşında böyük bir dünya var. Səni dünyanın ən yaxşı universitetləri, yeni texnologiyalar, elm, böyük imkanlar və tamam fərqli bir gələcək gözləyir.
50 il sonra bu gün İran qadınlarının apardığı mübarizəni aparmaq məcburiyyətində qalmamaq üçün bu gün azadlığına sahib çıx!
Məktəbli formanı geyin, dünyəvi təhsil al, bilik və bacarıqlarınla gələcəyini qur!
Qərarı sən ver!
Sənin nə geyinəcəyin, necə oxuyacağın, necə yaşayacağın barədə qərarı bu gün sənin məktəbli forman üzərindən ideoloji dava aparan kişilərə buraxma!
Bu, sənin həyatındır. Sənin təhsilindir. Sənin gələcəyindir. Sənin azadlığındır!
Azadlığına sahib çıx! (Kulis az)