Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində prezident seçkilərinin keçirilməsi üçün Rusiyanın 60 günlük tam atəşkəsə razılıq verməli olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə ABŞ-ın ABC telekanalının “This Week” proqramına müsahibəsində danışıb.
“Putinə deyin ki, bizə iki ay, 60 günlük tam atəşkəs versin. Biz də seçkiləri təşkil edək”, – Ukrayna Prezidenti bildirib.
Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynada rəhbərliyin dəyişdirilməsi ilə bağlı açıqlamasına da münasibət bildirib.
O vurğulayıb ki, Ukraynaya kimin rəhbərlik edəcəyinə yalnız ölkə vətəndaşları qərar verməlidirlər.
“Bütün hörmətimlə, liderin kim olacağını seçmək xalqımızın öz işidir”, – Zelenski qeyd edib.
Ukrayna Prezidenti Rusiya Prezidenti Vladimir Putinin də ölkəsində hakimiyyət dəyişikliyində maraqlı olduğunu iddia edib.
Qeyd edək ki, Tramp bundan əvvəl Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını tənqid edərək ölkədə yeni prezidentin seçilməsinin vaxtının çatdığını bildirib.
Zelenski isə Ukraynanın Rusiya neft emalı müəssisələrinə zərbələri dayandırmağa hazır olduğunu, bunun üçün Moskvanın da Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmalı olduğunu açıqlayıb.











