
Pablo Pikassonun 1901-ci ildə çəkdiyi və rəssamın Mavi Dövrünün ən erkən nümunələrindən biri hesab edilən portretin altında gizlənmiş qadın rəsmləri aşkar edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, şəkildəki qadının kimliyi hələ bilinməsə də, araşdırmaçılar sirli qadının rəsminin kətanların təkrar istifadəsinin nəticəsi ola biləcəyini bildiriblər.
Pikasso tez-tez köhnə kətanlardan təkrar istifadə edirdi, çünki o zaman pul qıtlığı vardı. Rentgen şüaları və infraqırmızı təsvirlərdən istifadə edilərək müayinə edildikdə, portretin altındakı sirli qadının fiquru aydın görünməyə başladı. Pikassonun üslubu köhnə rəsmləri ağartmaqdansa, əvvəlki fiqurların üzərinə yeni fiqurlar əlavə etmək idi.
İnstitutun məlumatına görə, bu qadın fiqurunun “Mateu Fernandez de Sotonun portreti” tablosuna çevrilməmişdən əvvəl hazırlanma ehtimalı yüksəkdir.
Onun kəşfi sənət aləmində böyük səs-küy yaratdı. Lakin qadın fiqurun kimliyi hələ müəyyən edilməyib. Rəsmdə qadının başı, əyri çiyinləri və topuz saç düzümü kimi detallar aydın görünür. Pikassonun digər portretlərinə bənzər bu fiqur model, dost və ya sevgili ola bilər.
Orxan Saffari