
Fevralın 13-də Avropa Parlamenti Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiqi və Salome Zurabişvilinin ölkənin qanuni prezidenti kimi tanınması ilə bağlı qətnamə qəbul edib.
Gununsesi.info bildirir ki, bu barədə cümə axşamı, fevralın 13-də Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Avropa Parlamenti Gürcüstanda siyasi vəziyyətin pisləşməsindən narahatlığını bildirib.
Qətnaməni Avropa Parlamentinin 400 üzvü dəstəkləyib, 63 deputat isə əleyhinə səs verib. Səsvermə zamanı 81 deputat bitərəf qalıb.
Sənəddə deyilir:
“Avropa Parlamenti 2024-cü il oktyabrın 26-da keçirilən saxta parlament seçkilərindən sonra özünü qalib elan edən hakim “Gürcü arzusu” partiyasının, o cümlədən yeni təyin olunmuş prezident Mixeil Kavelaşvilinin hakimiyyətini tanımaqdan imtina edir və beynəlxalq ictimaiyyəti hakim elitanın boykotuna qoşulmağa çağırır”.
Sənəddə Avropa Parlamentinin deputatları demokratik proseslərin pozulmasına görə məsuliyyət daşıyanlara qarşı Avropa sanksiyalarının tətbiqinə çağırıb, həmçinin Salome Zurabişvilinin ölkə prezidenti kimi legitimliyini təsdiqləyiblər.
Afət Abbasova
Gununsesi.info