
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail və HƏMAS arasında atəşkəsin HƏMAS-ın “yenidən ortaya çıxmasına” səbəb olacağına dair narahatlıqlar səbəbilə tərəfdarı olmadıqlarını bildirib.
Gununsesi.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Pat Rayder mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“HƏMAS-a yenidən qruplaşmaq və İsrail vətəndaşlarını və başqalarını təhlükə altına salmaq üçün vaxt verəcək atəşkəsi dəstəkləmirik” , – deyə sözçü bildirib.
“Eşitdim ki, ABŞ prezidenti Co Bayden humanitar yardımın Qəzzaya daxil olmasına, girovların və digər vətəndaşların çıxmasına icazə vermək üçün humanitar fasiləni dəstəkləyir”. Rayder bildirib ki, müdafiə naziri Lloyd Ostin həmkarları ilə keçirdiyi görüşlərdə Qəzzada Fələstin mülki vətəndaşlarına humanitar yardımın çatdırılmasını da müzakirə edib.
Rayder bunun müntəzəm olaraq vurğulamağa davam etdikləri bir məsələ olduğunu söyləyib.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan da İsrail-Fələstin münaqişəsində humanitar fasiləyə münasibət bildirib: “Münaqişədə istənilən fasilə HƏMAS-ın maraqlarına uyğun olardı. Bu realdır. Burada çox mürəkkəb faktlar var. Girov götürülənlərin azad edilməsi üçün humanitar fasilə yaxşı olardı. Amma əmin ola bilərsiniz ki, Həmas bundan öz xeyrinə istifadə edəcək”.
Gununsesi.info