Orta məktəblərdə dərslərə davamiyyət aşağı səviyyədədir

“Orta məktəblərin ən ciddi problemi yuxarı siniflərdə dərslərə davamiyyətin çox aşağı səviyyəyə düşməsidir. Demək olar ki, orta məktəblərin yuxarı siniflərində dərs keçirilmir. Nəticədə əksər şagirdlər repetitor yanına yönləndirilir. Burada direktorların, təhsil sistemində çalışan yüksək vəzifəli məmurların çox böyük rolu var”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev orta məktəblərdə təhsilin səviyyəsinin aşağı düşməsini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, məktəb uşaqlara ancaq bilik vermək funksiyasını daşımır: “Məktəb həm tərbiyə, həm də fiziki hazırlıq funksiyasını daşıyır. XX – ci əsrin ortalarına qədər tərbiyə həmişə təhsildən önə çəkilib. Bütün görkəmli pedaqoqların hər birinin əsərləri tərbiyə haqqındadır. Kimsə birinə nalayiq hərəkət eləyəndə biz ona  təhsilin olsun deyil, tərbiyən olsun deyirik.

Ona görə, bu gün yeganə görüləsi işlər və həyəcan təbili çalınması məsələ uşaqların məktəbə qaytarılmasıdır.
Proqramları, dərslikləri sadələşdirmək lazımdır. Uşaqların məktəblərdən yayılması onların zərəri vərdişlərə alışmasına yol açır. Bütün dünya istəyir ki, uşaq məhdud vaxtda məktəbdə olsun. Barack Obama prezident seçiləndən sonra çox maraqlı çıxış edib. O, bildirib ki, Koreya məktəblərinin savadlı olması uşaqların məktəblərə bir ay artıq getməsidir.  Uşağı məktəbdən məhdudlaşdırdıqca, onun sosiallaşmasını məhdudlaşdırırıq və tərbiyədən kənarlaşdırırıq. Müəllimin tək dərs demək funsksiyası yoxdur. Müəllim həm də tərbiyə etməlidir”.

Etibar Əliyev vurğulayır ki, bu gün ali məktəblərin ən ciddi problemi dərslik və müəllim problemidir: “Müəllim hazırlığı çox aşağı səviyyədədir. İndi yeni ixtisaslar yaranır. Məsələn, tətbiqi-riyaziyyat. Bu həmin tətbiqi-riyaziyyat deyil.  İqtisadiyyət həmin iqtisadiyyat deyil. Rəqəmsal və fənlər arası elmlər ortaya çıxıb. Təəssüf ki, biz bunlardan çox geridə qalmışıq. Bu bizim ali təhsilin ən ciddi qüsurlarından biridir. Azərbaycanda 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyası qəbul olunub. Bununla bağlı Cənab Prezident Sərəncam imzalayıb. Nəzərdə tutulub ki, bizim 3 universitetimiz 1000 universitet sırasına düşəcək. Artıq strategiyanın başa çatmasına 1 il yarım vaxt qalıb. Heç bir yenilik yoxdur. Nəzərdə tutulan iki tədqiqat universiteti barəsində məlumat belə yoxdur”.

Deputatın fikrincə, Qarabağ Universiteti Tədqiqat universiteti statusu qazanmalıdır: “Bununla bağlı seminar təşkil edilməlidir. Diskusiya, ictimai dinləmələr lazımdır. Təəssüf ki, universitətlərimizin birinin nəzdində kiçik bir silikon vadisi yarada bilmirik ki, informasiya, kommunikasiya, texnologiyalarının o silikon vadisindəki tədqiqini aktuallaşdıraq, tədqiqini populyarlaşdıraq”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info