Taksilərin fəaliyyəti ilə bağlı sərt tənzimləmə mexanizmləri effekt verməyəcək

Son günlər paytaxt Bakıda taksilərin fəaliyyəti ilə bağlı ciddi problemlər yaşanır.

Taksilərin ünvana vaxtında gəlməməsi və qiymət artımı insanlar arasında ciddi narahatçılıq yaradıb.

Ölkədə taksi fəaliyyəti ilə məşğul olan çox sayda şirkət olsa da bu problemlər günü-gündən davam edir.

Gununsesi.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, sərt tənzimləmə qaydaları gətiriləndən sonra qiymətlər də artacaq: “Rəsmi qurumlar bir neçə ay öncə bu barədə məlumat vermişdir. Bakı şəhərində 65 mindən yuxarı taksilərin olduğu və bunun sayının 25 minə düşməsi barədə deyilib. Doğrusu bu rəqəmləri necə təyin ediblər bunu da demək çətindir. Lakin fakt olaraq bu gözlənilən idi. Təəccüblü heç nə yoxdur. Aylardır bununla bağlı müzakirələr gedir. İctimai çıxışlarımızda da bu barədə danışılıb. Əgər sərt tənzimləmə mexanizmləri yaradılacaqsa, lisenziyalaşma sərtləşəcəksə, müəyyən yeni qaydalar gətiriləcəksə bütün bunlar taksi xidmətlərinin bahalaşmasına səbəb olacaqdır”.

Expert deyir ki, iyun ayının əvvəlindən qaydalar tamamilə qüvvəyə minəcəkdir: “Vaxt yaxınlaşdıqca taksilərin sayı da azalır. Köhnə maşınlar ümumiyyətlə siyahıdan çıxarılacaq.  Bu da iqtisadiyyatın qızıl qanunun işə düşməsinə səbəb olur. Təklif azalırsa qiymət artır. Əvvəl təklif çox olduğu üçün qiymət də ucuz idi. Çünki bu sahədə böyük bir rəqabətli mühit var idi. 10 minlərlə insan bu sahə ilə məşğul idi. İndi rəqabətli mühit azalır. Say və təkliflər azalır ona görə də qiymətlər qalxır. Düşünmürəm ki, bu son deyil. Çünki qərarın yerinə yetirilməsi prosesində hələ də minlərlə maşın dövriyyədən çıxmayıb. Maşınlar dövriyyədən çıxdıqca qiymətlər üzərindən artım müşahidə olunacaq”.

Vəziyyətin müəyyən müddətdən sonra tənzimlənəcəyini bildirən Natiq Cəfərlinin sözlərinə görə, bir müddətdən sonra qeyri-rəsmi taksi xidmətləri yaranacaq:” İnsanlar müəyyən tətbiqatlar üzərindən yox, müəyyən üsullar vasitəsilə taksi sifariş etməyə başlayacaq. Çünki bu sahəni sərt qaydalar ilə tənzimləmək mümkün deyil. Sovetlərin vaxtında da qaydalar daha sərt idi. Hətta qeyri-rəsmi taksi fəaliyyətinə görə cinayət işi açılırdı. “Xalturşik” kimi tanıdığımız taksi xidmətləri o vaxt da var idi, indi də olacaq. İnternet çağında bunun olmaması mümkün deyil. Sərt tənzimləmə mexanizmləri ciddi effekt verməməklə yanaşı hətta alternativ taxsi xidmətləri yaranandan sonra  taksi xidmətinə aid olan vergiləri də azaldacaq. Məsələ isə burasındadır ki, alternativ taksi xidmətləri isə təhlükəsiz deyil. Təhlükəsizlik prinsipləri önəmlidir. Düşünürəm ki, bir müddətdən sonra qiymətlərin artımı  alternativ taxsi xidmətlərin yaranmasına səbəb olacaq. Qiymət cəhətdən vətəndaşlarının xeyrinə olsa da, xidmət cəhətdən təhlükəsizliklə bağlı problemlər çıxa bilər”.

Exspert əlavə edir ki, qaydaların dəyişməsi ilə bağlı ciddi ictimai narazılıqlar olsa yenidən bu məsələ Nazirlər Kabineti tərəfindən baxılıb, qaydalarda müəyyən dəyişiliklər edilə bilər.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info