“Əfv sərəncamına düşənlərin sayı az deyil” -Rəşad Məcid

  • By admin
  • 31 May 2024 14:02

Prezidentin sonuncu əfv sərəncamı hüquq müdafiə təşkilatlarında və beynəlxalq qurumlarda müzakirələrə səbəb olub.

Buna səbəb isə Əfv Məsələləri Komissiyasının təqdim etdiyi 700 nəfərlik siyahıdan cəmi 63 şəxsin azadlığa buraxılmasıdır.

Avropa İttifaqı da siyasi fəalların və jurnalistlərin bu sərəncama daxil edilməməsini tənqid edib.

Qeyd edək ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil olunub. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə heç bir siyasi məhbus azadlığa qovuşa bilmədi.

Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid isə fərqli fikirdədir:

Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid Gununsesi.info -ya açıqlamasında deyib ki, Əfv Məsələləri Komissiyası müraciətlərə məhkum olunmuş şəxslərin fərdi müraciətləri əsasında baxır:

“Bir il ərzində 5000 nəfər müraciət etmişdir. Müraciətlərin 700-ü qaydalara uyğun olub və bu müraciətlərə baxılıb. Nəticədə 154 nəfər əfv sərəncamına düşüb. Bundan sonra sənədlər hazırlanıb və Prezidentə təqdim olunub. Ola bilər ki, kiməsə bu say az görünür, amma  bir il ərzində olunan müraciətlər əsasında baxılıb.

  Əfv Məsələləri Komissiyasının üzvü kimi şahid olmuşam ki, bir çox məhkum olunmuş şəxslər ancaq Əfv Komissiyasının iclasları başlayanda müraciət edir. Halbuki, bu müraciətlərin hazırlanması üçün 2-3 ay vaxt lazımdır. Ona görə də onlar vaxtında müraciət etməlidirlər ki, əfv üçün sənədləri hazırlansın”.

Rəşad Məcid vurğulayıb ki, bu, Prezidentimiz tərəfindən böyük humanist aksiyadır və onu tənqid etmək yersizdir:

“İndiyə qədər verilən  əfv sərəncamları və fərmanları həmişə cəmiyyətdə böyük reaksiya və  minnətdarlıq hissi ilə qarşılanıb. Bu da onlardan növbətisidir”.

Sənan Qurbanlı

Gununsesi.info