
“Ukrayna Silahlı Qüvvələri (AFU) özünümüdafiə çərçivəsində və Rusiyanın Ukrayna hədəflərinə hücumlarına cavab olaraq Britaniya silahları ilə Rusiyaya zərbələr endirə bilər”.
Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri David Cameron bildirib.
O, bildirib ki, Ukraynanın buna haqqı var və Ukrayna özünü müdafiə edə biləcəyinə əmin olmalıdır.
O, həmçinin Böyük Britaniyadan Ukraynaya hər il dəstək vəd etdiyini də vurğulayıb. Onun sözlərinə görə, London Kiyevə ildə 3 milyard funt sterlinq (3,74 milyard dollar) göndərəcək.
Məlumata əsasən hələlik silah tədarükü olmayacaq. Çünki Böyük Britaniya anbarlardan Kiyevə bacardığı hər şeyi göndərib.
Xatırladaq ki, London ilk olaraq 2023-cü ilin mayında 250-500 km uçuş məsafəsinə malik uzaqmənzilli “Storm Shadow” raketlərini Kiyevə göndərib. Əvvəlcə onların Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları zamanı, xüsusən də Krımda Rusiya hərbi obyektlərinə hücumlar üçün istifadə ediləcəyi güman edilirdi.
Eyni zamanda bu ilin aprelində Böyük Britaniyanın baş naziri Rişi Sunak 500 milyon funt-sterlinq (təxminən 620 milyon dollar) dəyərində hərbi yardım paketi elan edib.
ABŞ isə öz növbəsində Ukraynaya 60,8 milyard dollarlıq hərbi yardımı təsdiqləyib və gizli şəkildə Kiyevi 300 km-ə qədər mənzilli əlavə uzaqmənzilli ATACMS raketləri ilə təmin edib.
Qeyd edək ki, Ukraynaya Rusiyanın Qara Dəniz Donanmasına hücumların planlaşdırılmasında kömək edən Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Entoni Radakin də Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daha tez-tez və effektiv zərbələr endirəcəyini vəd edib.
Gununsesi.info