Nəvaz Şərif 4 ildən sonra Pakistana qayıdır

Pakistanın keçmiş Baş naziri, “Pakistan Müsəlman Liqası” siyasi partiyasının təsisçisi və lideri Nəvaz Şərif dörd illik siyasi mühacirətdən sonra ölkəsinə qayıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Geo TV” yayıb.

Məlumata görə, siyasətçinin içərisində olduğu xüsusi çarter reysi Pakistanın hava məkanına daxil olub və İslamabada doğru hərəkət edir.

Pakistan mediası yazır ki, Londondan ölkəsinə geri dönmək barədə qərar verən N.Şərif parlament seçkiləri çərçivəsində partiyasının seçkiqabağı kampaniyasına rəhbərlik etmək niyyətindədir.

Xatırladaq ki, Nəvaz Şərif 1990-1993, 1997-1999, 2013-2017-ci illərdə Pakistanın Baş naziri olub. Pakistanın Ali Məhkəməsi 2017-ci ilin yayında korrupsiya ittihamları ilə bağlı istintaq çərçivəsində Baş nazir Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırıb. O, Pakistanın hazırkı Baş naziri Şahbaz Şərifin qardaşıdır.

 

Gununsesi.info