Megastore-də qiymət qalmaqalı: 6 manatlıq şampun kassada 9,99 manata satılır?

  • Müəllif: Orxan
  • 14 Oktyabr 2026 17:22

Vətəndaş Kəmalə Bədəlova Bakı-Sumqayıt yolunun kənarında yerləşən Megastore marketində qiymət fərqi ilə üzləşdiyini iddia edir.

Gununsesi.info-nun xəbərinə görə, mağazada üzləşdiyi halla bağlı o, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini məsələyə aydınlıq gətirməyə çağırır.

Onun sözlərinə görə, aldığı məhsulların qiymətini yoxlayarkən 400 millilitrlik Elidor şampununun kassada 9,99 manata hesablandığını görüb.

Kəmalə Bədəlova bildirib ki, həyat yoldaşı ilə birlikdə Bakı-Sumqayıt yolunda yerləşən Megastore marketinə daxil olaraq cəmi iki-üç xırda məhsul alıblar.

Lakin kassada ümumi məbləğin 45 manat olduğunu görən zaman qiymətlərin gözlədiyindən xeyli yüksək olduğunu düşünüb və çeki yoxlamaq qərarına gəlib.

Onun sözlərinə görə, çekdə 400 ml-lik Elidor şampununun 9,99 manata hesablandığını görüb kassirə etiraz edib:

“Bildirdim ki, həmin şampunun digər satış məntəqələrində qiyməti təxminən 6 manatdır. Amma cavabında kassir,  qiymətin bonus kartının olmaması səbəbindən endirimsiz hesablandığını bildirdi. Bu izahla razılaşmadığımı görüb endirimli qiymıtlə hesabladılar.  Görünən budur ki, məhsulun qiymətinin əvvəlcə yüksək göstərib, daha sonra bonus kartı vasitəsilə endirim adı altında təqdim edirlər”.

Kəmalə Bədəlova hesab edir ki, onun qarşılaşdığı vəziyyət bir çox istehlakçının gündəlik alış-veriş zamanı üzləşə biləcəyi problemdir:

“Çünki hər kəs kassadan sonra çekini diqqətlə yoxlamır. Bəzi alıcılar isə bonus kartlarının olmadığını əsas gətirən kassirlərin izahını qəbul edərək artıq ödəniş etdiklərinin fərqinə varmadan marketi tərk edir”.

Afət Abbasova

Gununsesi.info