ADPU-da “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır?” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsində I kurs tələbələri üçün “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır?” mövzusunda seminar təşkil olunub.

Tədbirdə universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Riyaziyyat fakültəsinin dekanı, dosent Allahverdi Cəfərov, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

Eldar Aslanov çıxışında süni intellektdən təhsil prosesində düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb. O, tələbələrin yeni texnologiyalardan faydalanmaqla yanaşı, müstəqil düşünmə, təhlil və qərarvermə bacarıqlarını da inkişaf etdirməli olduqlarını bildirib. Prorektor belə seminarların digər fakültə və filiallarda da keçirilməsinin faydalı olacağını qeyd edib.

Seminarda Kompüter elmləri kafedrasının dosenti İlham Əhmədov süni intellektdən səmərəli və məsuliyyətli istifadə barədə məruzə ilə çıxış edib. O bildirib ki, süni intellekt dövründə tələbənin uğuru yalnız məlumat əldə etməsi ilə deyil, düzgün sual verməsi, məlumatları yoxlaması, problemləri müəyyənləşdirməsi və müstəqil fikir yürütməsi ilə də bağlıdır.

Məruzədə süni intellektin tələbənin əvəzinə düşünən deyil, onun düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edən vasitə kimi istifadəsinin vacibliyi vurğulanıb.

Seminar müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb. Müzakirələrdə süni intellektin yaratdığı imkanlar, məlumatlarla müstəqil işləmək və təhsil məsuliyyətinin qorunması məsələləri diqqət mərkəzində olub.

 

 

Gununsesi.info