Baxçalının müavini hökumətin məktəblərdə hicab qadağasına dəstək verdi

  • Müəllif: admin
  • 14 Oktyabr 2026 08:40

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Kayseri millət vəkili İsmail Özdemir Azərbaycan hökumətinin məktəblərdə hicaba qadağa qərarına dəstəyini ifadə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsmail Özdemir sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, son günlər Türkiyədə bəzi siyasətçilərin Azərbaycanda hicab məsələsi ilə bağlı tətbiqləri ortaya çıxıb.

İsmail Özdemir 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinə diqqət çəkərək İlham Əliyevin Azərbaycan torpaqlarının işğaldan azad edilməsindəki rolunu yüksək qiymətləndirib.

O, Azərbaycan Prezidentini “cəsur və qüdrətli lider” adlandırıb, Qarabağda qazanılan qələbədən sonra əvvəllər işğal altında olmuş ərazilərdə yenidən azan səslənməsinə diqqət çəkib.

MHP sədrinin müavini Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndiyini bildirib.

Onun sözlərinə görə, son dövrlərdə baş verən hadisələr iki ölkə arasındakı tarixi qardaşlıq bağlarını zəiflədə bilməz.

Özdemir Azərbaycanın suveren dövlət kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində mövqeyini gücləndirməyə davam edəcəyini vurğulayıb. O, Azərbaycanın XXI əsrin nüfuzlu dövlətlərindən biri kimi tanınacağına inandığını ifadə edib.

MHP rəsmisi açıqlamasını Türkiyə-Azərbaycan qardaşlığına həsr etdiyi bu sözlərlə tamamlayıb:

“Hilal ilə ulduz ayrılmaz, Xəzərlə Aralıq dənizinin bağı sarsılmaz”.

Firuzə Mahmudova

Gununsesi.info