Rəşad Əsgərov: “Vahid geyim qaydaları məktəblərdə sosial bərabərliyin təmin olunmasına xidmət edir”

  • Müəllif: Firuzə
  • 14 Oktyabr 2026 10:45

Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov ümumtəhsil məktəblərində vahid geyim qaydaları, hicab məsələsi və dünyəvi təhsil prinsipləri ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.

Gununsesi.info-ya danışan Rəşad Əsgərov qeyd edib ki, son dövrlər məktəblərdə təhsilalanların və təhsilverənlərin geyim qaydaları ətrafında yaranan narazılıqlar, xüsusilə azyaşlı uşaqların hicabla məktəbə gəlməsi məsələsi cəmiyyətdə müzakirələrə səbəb olur.

Onun sözlərinə görə, ümumtəhsil məktəblərində dünyəvilik prinsipinin qorunması təhsil prosesinin əsas şərtlərindən biridir.

Əsgərov hesab edir ki, məktəblərdə dini təmayüllərin nümayişinə və qanunvericiliklə məhdudlaşdırılan geyim elementlərindən istifadəyə yol verilməməsi dünyəvi təhsil prinsipləri çərçivəsində qiymətləndirilməlidir.

Sosioloq vurğulayıb ki, məktəbdən kənarda insanların dini inanclarına uyğun geyinməsi və şəxsi hüquq və azadlıqlarını həyata keçirməsi mümkündür.

Onun fikrincə, məktəblərdə müəyyən edilmiş qaydalara riayət olunması ilə şəxsi azadlıqların məhdudlaşdırılması məsələlərini fərqləndirmək lazımdır.

Rəşad Əsgərov bildirib ki, vahid geyim qaydaları yalnız baş örtükləri ilə bağlı deyil. Bu qaydalar, həmçinin süni dırnaqlar, saçların rənglənməsi, bəzək əşyalarından istifadə və məktəb mühitinə uyğun olmayan geyimlərlə bağlı məhdudiyyətləri də əhatə edir.

O, məktəblərdə geyim qaydalarının tətbiqinin sosial bərabərliyin gücləndirilməsinə töhfə verə biləcəyini də qeyd edib.

Əsgərovun fikrincə, vahid məktəb geyimi şagirdlər arasında brend geyimlər və maddi imkanlar əsasında yaranan fərqləri azaltmağa, onların bərabər şəraitdə təhsil almalarına imkan yarada bilər.

Mövcud narazılıqlara münasibət bildirən alim hesab edir ki, bu məsələ ətrafında yaranan müzakirələrdən təhsil sistemi ilə cəmiyyət arasında gərginlik yaratmaq məqsədilə istifadə oluna bilər. O, vətəndaşları qanunvericiliyin tələblərinə uyğun davranmağa çağırıb.

Rəşad Əsgərovun qənaətinə görə, zaman keçdikcə müzakirələr səngiyəcək və ümumtəhsil məktəblərində tədris prosesi normal qaydada davam edəcək. O, vahid geyim qaydalarının tətbiqini məktəb mühitində nizam-intizamın və sosial bərabərliyin təmin olunmasına yönəlmiş addım kimi qiymətləndirib.

Orxan
Gununsesi.info