KTMT-nin gözlənilən toplantısında qeyri-müəyyənlik: Təşkilat Ermənistana missiya göndərəcək?

Bu gün Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin birgə iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, iştirakçılar regionda hərbi-siyasi vəziyyətin dəyişməsini müzakirə etməyi planlaşdırırlar.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ölkəni xarici işlər nazirinin müavini Aleksandr Pankin təmsil edəcək. Qeyd edilib ki, KTMT ölkələrinin nümayəndələri çoxtərəfli əməkdaşlığın nəticələrini nəzərdən keçirmək və təşkilatın kollektiv təhlükəsizlik sisteminin inkişaf perspektivlərini müəyyən etmək niyyətindədirlər. Tədbirin yekunu üzrə nümayəndə heyətlərinin rəhbərlərinin bir sıra birgə sənədləri təsdiq edəcəyi gözlənilir.

KTMT-nin üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır.

Qeyd edək ki, Belarus paytaxtında KTMT tədbirləri təşkilatla Ermənistan arasında münasibətlərdə yaranan qeyri-müəyyənlik kontekstində keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl KTMT-yə qarşı ittihamlar səsləndirib, onun fikrincə, “Ermənistan-Azərbaycan münaqişəsi zamanı təşkilat bu ölkəyə kömək etməyib”. İrəvan KTMT-dən ölkəyə yardım məsələsini gündəmdən çıxarmağı xahiş edib və Paşinyan özü Minskə getmək niyyətində olmadığını Belarus prezidenti Aleksandr Lukaşenkoya çatdırıb. Eyni zamanda, Ermənistan KTMT-dən çıxmaq niyyətinin olmadığını bəyan edir. KTMT, öz növbəsində, İrəvanın mövqeyində son dəyişikliklərə baxmayaraq, Ermənistana missiya göndərmək layihəsi üzərində işi davam etdirmək niyyətindədir.

Ermənistan tərəfi Belarusdakı nümayəndə heyətinin tərkibinin kimlərdən ibarət olacağını rəsmən açıqlamayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bir gün əvvəl xəbər verib ki, xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində görüşlərə getməyəcək.

KTMT nazirləri və dövlət başçılarının görüşlərinə Belarus prezidenti Aleksandr Lukaşenko ev sahibliyi edəcək.

Gununsesi.info