Tramp İranı “bütün bombaların anası” ilə vurmaq istəyir

  • Müəllif: Orxan
  • 15 Oktyabr 2026 11:37

ABŞ İranı GBU-43/B (MOAB) adlı, qeyri-rəsmi olaraq “bütün bombaların anası” adlandırılan nəhəng aviasiya bombası ilə vurmaq variantını nəzərdən keçirir.

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, mümkün hücumun hədəfləri arasında İranın enerji infrastrukturu və nüvə obyektləri var. Bununla belə, bu ssenari yalnız ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi təqdirdə gündəmə gələ bilər.

Məlumata görə, çəkisi 9,5 tondan çox olan MOAB ABŞ silahlı qüvvələrinin arsenalındakı ən güclü qeyri-nüvə bombasıdır. Telekanal qeyd edir ki, bu silahın Trampın elan etdiyi strateji məqsədlərə çatmaq üçün nə dərəcədə effektiv olacağı şübhə doğurur. Bununla belə, onun tətbiqi ABŞ-İran münaqişəsinin ciddi şəkildə kəskinləşməsi demək olardı.

CNN-ə danışan mənbələrdən biri bildirib ki, Tramp hərbçilərə İrana qarşı əlavə zərbə planları hazırlamağı tapşırıb. Hədəflər siyahısına çoxsaylı enerji infrastrukturu obyektləri daxil edilib. Həmçinin MOAB bombasından istifadə ehtimalı da nəzərdən keçirilir.

Telekanalın digər anonim mənbəsinin sözlərinə görə, ABŞ hərbçiləri İranın nüvə obyektlərinə, o cümlədən Natanz yaxınlığında, Kolang-Qaz-La dağının altında yerləşdiyi ehtimal edilən obyektə zərbələr endirməyə hazırlaşırlar.

Mənbələrdən biri bildirib ki, ABŞ Prezidenti hazırda faktiki olaraq müəyyən addımlar atmaq məcburiyyətində qaldığı vəziyyətə düşüb. Mənbənin sözlərinə görə, böyük dərinlikdə yerləşən hədəfləri vurmaq üçün nəzərdə tutulan bombalar olmadıqda, psixoloji təsir amili ön plana çıxır və MOAB bu baxımdan uyğun vasitə hesab edilə bilər.

Telekanalın məlumatına əsasən, ABŞ administrasiyasının bir çox nümayəndəsi İran üzərində qələbənin yalnız genişmiqyaslı quru əməliyyatı ilə mümkün olduğunu düşünür. Lakin belə bir ssenari minlərlə amerikalı hərbçinin həlak olması riski daşıyır.

Pentaqon quru əməliyyatı da daxil olmaqla, mümkün fəaliyyət variantlarını nəzərdən keçirir. Bununla belə, hazırda administrasiyada belə bir əməliyyatın keçirilməsini israrla tələb edən yoxdur.

 

Gununsesi.info