İsraildə fövqəladə hökumət quruldu

İsrail parlamenti (Knesset) Qəzza zolağı ilə münaqişənin kəskinləşməsi zamanı işləyəcək fövqəladə hökumətin yaradılmasını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail qanunverici orqanının məlumatında deyilir.

Məlumata görə, 64 deputat fövqəladə hökumətin yaradılmasını dəstəkləyib, dördü isə əleyhinə çıxıb.

Eyni zamanda, İsrailin əsas müxalifət lideri, keçmiş baş nazir Yair Lapid də bu hökumətə daxil edilməyib.

Sənəddə qeyd olunur ki, münaqişə zamanı hökumət tərəfindən dəstəklənən heç bir qanun layihəsi və ya münaqişənin özü ilə bağlı olmayan təklif, o cümlədən İsraildə parçalanma və kütləvi etirazlara səbəb olan mübahisəli “məhkəmə islahatı” qanun layihəsi parlamentə baxılmaq üçün təqdim edilməyəcək.

Xüsusilə, hökumətin tərkibinə artıq İsrail Müdafiə Nazirliyinin keçmiş rəhbəri Benni Qantz, Müdafiə Nazirliyinin hazırkı rəhbəri Yoav Qalant, baş nazir Benjamin və daha beş israilli siyasətçi daxildir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatına başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.

HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

İsrail-Fələstin münaqişəsinin gərginləşdiyi vaxtdan bəri 1500-dən çox fələstinli və 1300 israilli həlak olub.

İsrail həmçinin Qəzza zolağına su və elektrik tədarükünü əngəlləyib və bu, 2007-ci ildən blokadada olan bölgədə yaşayış şəraitini daha da pisləşdirib.

Səid Əhmədli
Gununsesi.info