
Milli Məclisin üzvü Cavanşir Feyziyev Böyük Britaniyanın Milli Cinayət Agentliyinin ailə üzvlərinin bu ölkədəki əmlakı barədə araşdırmasına münasibət bildirib.
O, bildirib ki, 2017- ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb:
“Biz İngiltərəyə köçürülmüş pul vəsaitlərinin qanuni mənbəyini təsdiq edən sənədləri araşdırmaya təqdim etmişik və mətbuatda yayılmış xəbərin əsassız olduğunu bildirmişik. Məsələyə İngiltərə məhkəməsində baxılmasını istəmişik və inanırıq ki, məhkəmə hər iki tərəfin arqumentlərini ədalətli şəkildə dəyərləndirəcək. Belə bir məsələnin araşdırılması İngiltərədə qəbul olunmuş yeni qanunvericiliyin tətbiqi ilə bağlıdır. Yeni qanuna görə İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik”.