
İyulun 22-də prezident İlham Əliyev Çinin “China Global Television Network” nüfuzlu telekanalında yayımlanan müsahibəsi tamaşaçılarda böyük maraq doğurmuşdur.
Müxbirin Bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən olan Heydər Əliyevlə bağlı verdiyi suallara dövlət başçısı tutarlı və təkzibolunmaz arqumentlərə aydınlıq gətirmiş, milyardlıq Çin auditoriyasına Ulu Öndərin dolğun siyasi portiretini uğurla təqdim etmişdir. Müsahibədə İstər sovet hakimiyyəti, istərsə də müstəqillik qazandığımız illərdə Heydər Əliyevin yüksək təşkilatçılıq istedad və qibtəolunacaq intellekt sahibi kimi səciyyələndirilməsi olduqca cəlbedici idi.
Xüsusilə, Sovet qoşunlarının Bakıda 1990-cı il 20 yanvarında törətdiyi qətliyama qarşı böyük rezonans doğuran cəsarətli bəyanatı və müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü ağır və fəlakətli durumdan çıxarılmasında və müasir Azərbaycan dövlətçiliyinin yaranmasında oynadığı müstəsna rol, xalqımıza göstərdiyi əvəzsiz xidmətlər bir daha Ulu öndərimiz haqqında həqiqətlər çoxmilyonlu Çin tamaşaçılarında ciddi maraq yaradacağı şübhə doğurmur.
Müsahibədə Azərbaycan-Çin münasibətlərinin durmadan inkişaf etməsi, Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizində tutduğu önəmli mövqe, nəhəng “Bir kəmər, bir yol” layihəsində ölkəmizin orta dəhliz şəbəkəsində oynadığı əhəmiyyətli rol və bu baxımdan Zəngəzur dəhlizinin açılmasında nümayiş etdirdiyi prinsipial xətt ölkə rəhbəri tərəfindən olduqca aydın və inamlı şəkildə şərh olundu. Çin üçün olduqca vacib əhəmiyyət kəsb edən “Bir kəmər, bir yol” layihəsində ölkə prezidentinin qətiyyətli iradəsinin nümayiş etdirilməsi Azərbaycan-Çin münasibətlərinin möhkəmləndirilməsini şərtləndirən mühüm amillərdən biridir.
Dövlət başçısı bütün platformalarda olduğu kimi, Çinin nəhəng telekanalının yaratdığı imkandan da yararlanaraq böyük auditoriyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tam mənzərəsini yaradaraq, Qərb ölkələrində məskunlaşan erməni diasporunun maliyyəsi ilə ələ alınan siyasətçilərin, dövlət xadimlərinin, mətbuatın, QHT və parlamentarilərinin Azərbaycana qarşı vahid cəbhədə birləşərək Azərbaycanfobiya yaratmalarının oynadığı məkirli rolu cəsarətlə tamaşaçılara təqdim etdi.
Şübhəsiz ki, ölkə prezidenti cənab İlham Əliyevin “China Global Television Network” televiziya kanalında yayımlanan müsahibəsi geniş erməni informasiya şəbəkələlərinin ölkəmiz haqqında böhtan və qərəzli uydurmalarına vurulan ağır zərbə kimi ciddi əhəmiyyət kəsb etməkdədir.
Fəzail Ağamalı
Millət vəkili, Ana Vətən Partiyasının sədri
Gununsesi.info