Hökumət ağır kreditlərin altına girir - Neft-qaz gəlirləri kəskin azalsa, necə qaytaracağıq?

  • By admin
  • 11 Yanvar 2023 10:45
2022-ci ildə dünya bazarlarında neft-qaz qiymətlərin yüksək olması Azərbaycanın ÜDM 54.6 milyard dollardan 78.8 milyard dollara qədər artırıb.
Qeyd edək ki, bir qayda olaraq ölkənin xarici borclarının səviyyəsi ÜDM nisbətinə görə müəyyən edilir.
Əgər 2021-ci ildə bu səviyyə 17 faiz olubsa, ötən il 10 faizdən aşağı həddə düşüb, amma nominal azalma kəskin olmayıb-təxminən 7.5 milyard dollar dövlət borcumuz var.
(SOCAR-ın 19 milyard dollarlıq borc öhdəlikləri bura daxil deyil.
Hökumət bu nisbətən ruhlanıb limitsiz xarici kreditlər cəlb etməyə qərar verib. Dünya Bankından, BBF-dən, AYİB-dən və s. beynəlxalq maliyyə qurumlarından milyardlarla dollar kredit alınacaq.
Bu məbləğlərin ünvanı kimi işğaldan azad edilmiş bölgələrdə sürətli quruculuq işlərinin aparılması göstərilir.
Maraqlıdır, Azərbaycanın strateji valyuta ehtiyatları 59 milyard dollara çatıb, büdcədən də bu il Qarabağa 2.5 milyard manat ayrılacaq. (3 ildə 7.8 milyard ayrılıb) O zaman xarici kreditlərə nə ehtiyac var? İndiyə qədər aldıqlarını neft gəlirləri hesabına birtəhər ödəyirik.
SOCAR, kommunal qurumlar dövləti azı 30 milyard dollar xarici borc bataqlığına salıb. Bu “təcrübədən” niyə nəticə çıxarılmır?
Qarabağı ölkənin strateji valyutası hesabına, eyni zamanda əhalinin öz vəsaitləri hesabına yenidən qurmaq olmazmı?
Sabah neft-qaz gəlirləri kəskin azalsa, bu kreditləri nə ilə ödəyəcəyik?
Bəlkə, beynəlxalq maliyyə qurumları qarşısında qeyri-rəsmi öhdəliyimiz var, bizim xəbərimiz yoxdur?!
Elçin
Gununsesi.info