
Regionlarda yağan leysan yağışlar bir sıra fəsadlara səbəb olub.
Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə sel sularının Quba, Qusar və Qəbələdə yaratdığı fəsadlar lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:
23:20
Xızı rayonu ərazisində bir neçə avtomobil dərəyə yuvarlanıb, 2 qadın köməksiz qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq, operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib.
FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.
20:47
Şəkiyə leysan yağıb, iki kəndi sel suları basıb.
Gununsesi.info xəbər verir ki, günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti dəyişib, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində yağışlı hava şəraiti müşahidə edilir.
Axşam saatlarına yaxın Şəki rayonunun Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağışları nəticəsində ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb. Ərcan çayında suyun səviyyəsinin həddən artıq qalxması səbəbindən ərazidən keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənddaxili yolları basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Hazırda müvafiq qurumlar əraziyə ezam edilib, dəymiş ziyanın miqyası ilə maraqlanırlar.
Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti hökm sürür.
20:40
Göygöl rayonunda leysan yağışlardan sonra şəxsi təsərrüfatlara zərər dəyib.
Gununsesi.info xəbər verir ki, leysan yağışlar nəticəsində Göygöl şəhərinin bir neçə küçəsində yerləşən fərdi evlərə, həyətyanı sahələrə yağış suları dolub.
Qeyri-sabit hava şəraiti səbəbindən əkin sahələrinə də zərər dəyib.
Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
22:08
Xızıda yağan qısamüddətli leysan yağışı nəticəsində Giləzi-Xızı yolu bağlanıb.
Gununsesi.info xəbər verir ki, palçıq kütləsi yolun 6-10-cu kilometrində hərəkəti çətinləşdirib.
Əraziyə texnika cəlb olunub və yolun açılması istiqamətində işlər davam etdirilir.
19:29
Goranboya güclü yağışdan sonra sel gəlib.
Gununsesi.info xəbər verir ki, bu gün günorta saatlarında leysan yağışdan sonra rayonun Ağcakənd qəsəbəsinə dağlardan sel suları gəlib.
Nəticədə qəsəbədə bəzi evlərə sel suları dolub. Qəsəbənin yollarını sel suları yararsız hala salıb.
Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.