General Hikmət Həsənovun köməkçisi hakim önünə çıxarılıb

Tərtərdə yüzlərlə hərbçiyə qarşı kütləvi işgəncədə ən çox adı çəkilən general, o dönəm korpus komandiri olmuş Hikmət Həsənovun köməkçisi Fuad Ağayev avqustun 17-də məhkəmə önünə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, Tərtərdə 2017-ci ildə bu olaylar yaşandığı zaman F.Ağayev həm generalın köməkçisi, həm də korpusun hüquqşünası olub.

Fuad Ağayev dörd nəfərlə – Qurban Cümşüdov, Cavid Ağadadaşov, Fuad Axundov və Ramil Əhmədovla birlikdə mühakimə olunur. Bu işi Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Tərtərdə altı il öncə baş vermiş olaylarla bağlı 2021-ci ilin dekabrında yenidən istintaq aparılandan sonra məsuliyyətə cəlb olunanlar bir neçə qrupa bölünüb və işləri bölüm-bölüm məhkəməyə göndərilib. Hazırda Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə toplam 13 nəfərin mühakimə edildiyi üç qrupun məhkəməsi gedir.

F.Ağayev və onunla birlikdə məhkəmə önünə çıxarılanlardan Cümşüdov və Ağadadaşov daha öncə Tərtərdəki işgəncələrə görə mühakimə edilib və cəza da alıblar. Ağayevə 10 il, onların hər birinə isə 6 il həbs cəzası kəsilib. Ancaq 2021-ci ildə istintaq təzələnəndən sonra yeni hallar üzə çıxıb. Bu üzdən onlara yeni ittihamlar verilib.

 

Gununsesi.info