
Gəncə Dövlət Universiteti Gununsesi.info-nun adıçəkilən ali təhsil ocağında yoxlamalar aparması barədə xəbərinə reaksiya verib.
Universitetin müəllimi, texnika elmləri doktoru Elçin Cavadov redaksiyamıza təqdim etdiyi açıqlamada bildirib ki, bu yoxlama Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə 5 ildən bir təhsil müəssisələrinin akkreditasiyası ilə bağlıdır:
“Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Bu proses aşağıdakı mərhələlərdən ibarətdir:
Akkreditasiyanın keçirilməsinə hazırlıq;
Təhsil müəssisəsinin özünütəhlili;
Akkreditasiya Komissiyasının təhlil aparması;
Akkreditasiya haqqında yekun arayışın hazırlanması;
Son mərhələ isə təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsidir.
Bizim universitet artıq 3-cü mərhələdədir, yəni akreditasiya komissiyası burada bizim hazırladığımız özünütəhlil hesabatının əsasında təhlil aparır.
Yazıda iddia edildiyi kimi bu yoxlama rektorun fəaliyyəti ilə bağlı deyil. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Gəncə Dövlət Universiteti özünün ən yaxşı inkişaf göstəricilərinə rektor Yusif Yusibovun rəhbərliyi altında nail olub və inkişafın ən yüksək pillələrində qərarlaşıb.
Afət Abbasova
Gununsesi.info