
Gədəbəydə baş verən böhranın necə həll ediləcəyi, ümumiyyətlə həll edilib-edilməyəcəyi çox önəmlidir.
Güc tətbiq etməklə haqlı tələblər irəli sürən vətəndaşları susdurmaq çıxış yolu deyil.
Yayılan kadrlardan görünür ki, bölgədə ciddi ekoloji problem var, zəhərli maddə ilə dolmuş göl daşımaq üzrədir. Qızıl istehsalçısı şirkət bildirib ki, gölün ilin sonuna qədər tutumu qalıb və hökumət yeni göl yaratmaq üçün şirkətə icazə verib.
Əhali isə bu qərarın icrasına müqavimət göstərir.
Hökumət bölgədə qızıl istehsalının davam etdirilməsi, yoxsa əhalinin haqlı narazılığının və ekologiyaya dəyən zərərin həcmini nəzərə alıb seçim etməlidir.
Ən vacib məsələ:
Gədəbəy olayları göstərdi ki, mövcud idarəetmə sistemi effektiv deyil, ənənəvi yanaşma artıq işləmir.
Dövlət qurumları hər hansı problemi həll etmək iqtidarında deyil, əksinə, hərəkətsizliyi ilə onu böhran həddinə çatdırırlar.
İkincisi, ölkədə məmur-vətəndaş münasibətləri olduqca aşağı səviyyədədir. Kommunikasiya qırılıb, varlı, imtiyazlı məmur təbəqəsi kasıb, hüquqsuz vətəndaşa yuxarıdan aşağı baxır.
Problemlərin daim polis vasitəsilə “həlli” məmur təbəqəsini arxayınlaşdırıb.
Hökumətdə yanlış təəssürat var ki, əhalinin haqlı tələbini yerinə yetirmək, obrazlı desək, “qabağından qaçmaq” zəiflik əlamətidir.
Güc dili ilə danışmaq bu yanaşmadan qaynaqlanır, qısa müddətli effektiv olsa da sonda böhrana, partlayışa gətirir.
İcra hakimiyyəti ilə yanaşı məhkəmə hakimiyyətinin müstəqil olmaması, ona ictimai etimadın aşağı olması, nəhayət, əhalinin maarifsizliyi də problemlərin böhran müstəvisinə daşınmasında mühüm rol oynayır.
Azərbaycanda kompleks islahatların vaxtı çoxdan çatıb.
Təkcə inzibati idarəetmə deyil, sosial, siyasi, məhkəmə-hüquq sistemində ciddi dəyişikliklər edilərək konstitusion idarəçilik bərqərar edilməlidir.
Elçin
GUNUNSESİ.İNFO