Həbsdəki jurnalistdən təsirli şeir

  • By admin
  • 21 May 2024 18:51

“Abzasmedia İşi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı saxlanıldığı Bakı İstintaq Təcridxanasında şeir yazıb.

Gununsesi.info həmin şeiri təqdim edir:

 

Düşəndə
Sına sən dostları, qohum-qardaşı,
Məşum bir qərarla dara düşəndə.
Yoxla sədaqəti, əhdi, sirdaşı,
Yayın ortasında qara düşəndə.
Çapardın atını sən çılğın kimi,
Anidən sayrışan qığılcım kimi.
Nə tez yoxa çıxdın bir ilğım kimi
Könlün qübar edib zara düşəndə.
Zənninə aldanıb yolunu azma,
Ömür dəftərinə qaralar yazma.
Barışma taleylə, qədərə yozma,
Qismətin çatlayıb para düşəndə.
Soruş, heç salırmı dostlar yadına,
Gəlibdir bu bikəs namərd badına.
Qaldırın badəni onun adına,
Bağçalar meyvəyə, bara düşəndə.
Hafiz, çox uzun sürməz bu intizarın,
Dəyişər növrağın, halın, güzarın.
Gülər gül-çiçəkli ömür baharın,
İş yenə kamana, tara düşəndə.
Hafiz Babalı
Bakı İstintaq Təcridxanası