Əli İnsanov: “İlham Əliyev o qədər böyük nüfuza malikdir ki…”

  • By admin
  • 29 Aprel 2024 11:57

HƏP sədri Əli İnsanov növbəti dəfə ölkə başçısı İlham Əliyev haqqında yüksək fikirləri ilə gündəmə gəlib.

Gununsesi.info bildirir ki, HƏP sədri İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı görüşləri şərh edib.

Əli İnsanov deyir:

Prezident İlham Əliyev öz bəyanatında vurğulamışdır ki, Qırğız Respublikası ilə fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın 2-ci iclası uğurla keçdi, imzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcəkdir. Hər il baş tutan qarşılıqlı səfərlər ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərin həlli baxımından olduqca əhəmiyyətlidir.
Prezident qeyd etmişdir ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq və qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi-Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Qırğızıstanla ticarət dövriyyəmiz dəfələrlə artır və bu artım davam etməkdədir.
Azərbaycan-Qırğız inkişaf Fondunun Nizamnamə fondu 4 dəfə, yəni 25 milyon dollardan – 100 milyon dollara qədər artıb və bu da son hədd deyil. Artıq “İssık – Kul” gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi 5 ulduzlu hotelin tikintisinə başlanılıb. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bunun bizim üçün böyük əhəmiyyəti var və qardaş dəstəyinə görə çox minnətdarıq. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrinə maraqlıdır. Ölkələrimizdə irimiqyaslı nəqliyyat layihələri, dəmiryolunun tikintisi həyata keçirilir.
Davamlı əməkdaşlığın əsas meyarı olan Xəzər – Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutun təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olacaq. Azərbaycan – Qırğızıstan mədəniyyət günləri çərçivəsində Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı böyük mədəni hadisədir.
Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək üçün münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq. Prezident İlham Əliyev Çingiz Aytmatovun abidəsinin açılışı mərasimində qeyd etdi ki, bu tədbir dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünya şöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş Qırğız xalqının böyük oğludur. Azərbaycan xalqı onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyir.
Çingiz Aytmayov sağlığında münasibətlərimizin möhkəmləndirilməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan ’’Dostluq’’ ordeni ilə təltif edilmişdir. Təsadüfi deyil ki, o təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSR-i məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, Qırğız xalqının və bütün qardaş xalqların qəlbində yaşayır. Prezident İlham Əliyev çıxışının sonunda qeyd etdi ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir. Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək.
Bizim araşdırmalarımız göstərir ki, Qırğız Respublikasında 20000-ə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.
Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar.
Azərbaycan və Qırğızstan arasında uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan-Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarında 19-da qurulub.
Ulu Öndər Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncu zirvə görüşü və ’’Manas’’ eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.
2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıdakı səfirliyi fəaliyyətə başlayıb.
Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan – Qırğızıstan arasında bir sıra sənədlər imzalanmışdır.
‘’Azərbaycan Respublikası və Qırğız Respublikasının dövlətlərarası şurasının ikinci iclasının qərar’’ı ;
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun birgə bəyənnaməsi” ;
Bundan başqa hər iki ölkənin Səhiyyə Nazirlikləri, Energetika Nazirlikləri, Nazirlər kabinetləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi ilə Qırğız Respublikasının müvafiq orqanı ilə, Dövlət Gömrük Xidmətləri, Ədliyyə Nazirlikləri, qarşılıqlı əməkdaşlığa dair hər iki ölkənin hökumətləri arasında sazişlər imzalanmışdır.
O cümlədən, hər iki respublika arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş də imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutmuş Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çox məhsuldar olmuş və xalqlarımızın yaddaşlarında qalacaq tarixi hadisədir.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin Sərkərdəliyi ilə Qarabağda Vətən Savaşında Tarixi Qələbəsi Prezident İlham Əliyevin dünya miqyasında tanınmış Dövlət Xadimi kimi, Azərbaycan isə qardaş Türk dövlətlərində də regionun lider dövləti kimi tanınmaqdadır.
Dövlət Rəhbəri İlham Əliyevin böyük dövlətçilik, siyasi, diplomatik təcrübəsi qardaş dövlətlərin rəhbərləri tərəfindən təqdir olunur və heç şübhəsiz ki, öyrənilir və onunla əməkdaşlığın və yaxın münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün qarşılıqlı səfərlərə üstünlük verirlər.
Dünya siyasi liderləri arasında xüsusi yeri və çəkisi olan Prezident İlham Əliyev Türk dövlətləri liderləri arasında da ən yüksək yer tutmaqdadır.

 

Afət Abbasova

Gununsesi.info