Deputatlığa namizəd Babək Hüseynov seçicilərinə müraciət etdi- ƏNƏNƏVİ DEPUTAT İMİCİNİ DƏYİŞƏCƏM

Deputatlığa namizəd Babək Hüseynov seçicilərinə müraciət etdi

78 saylı Lerik seçki dairəsindən Deputatlığa namizəd Babək Hüseynovun seçicilərinə müraciət edib.
Gununsesi.org həmin müraciəti sizə təqdim edir:
“Əziz həmvətənlər!
Artıq seçki qabağı təbliğat və təşviqat kampaniyasının böyük bir hissəsini geridə qoyduq. Olduqca çətin hava şəraiti, keçilməz yollar  və s. bizim əziz seçicilərimizlə görüşlərimizə mane ola bilmədi. Fürsətdən istifadə edib bütün Lerik camaatına mənə göstərdikləri isti münasibətə, qonaqpərvərliyə, hörmət və diqqətlərinə görə dərin minnətdarlığımı bildirirəm.
Görüşlərimiz boyunca seçicilərimizə cənab Prezidentin rəhbərliyi ilə ölkədə gedən geniş miqyaslı sosial-iqtisadi islahatlardan, islahatların mühüm tərkib hissəsi və siyasi qolu olan növbədənkənar parlament seçkilərinin keçirilməsinin hansı zərurətdən irəli gəlməsindən, bu prosesin əhəmiyyətindən, seçki platforma və proqramlarımızdan bəhs etdik.
Lerik camaatı ilə görüşlərdə bir məsələnin şahidi olduq. Bunu xüsusilə qeyd etmək istəyirəm. Getdiyimiz bütün kəndlərdə, bütün yaşayış məntəqələrində əhalinin cənab Prezident İlham Əliyevə necə bağlı olduğunu, onu dəstəklədiyini, onun ölkədə apardığı islahatlardan ürək dolusu danışdığını və bu islahatlara səmimi olaraq, inandığını müşahidə etdim. Lerik əhalisi həmçinin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın da xalqımız, dövlətimiz qarşısındakı xidmətlərini və hazırkı vəzifəsindəki fəaliyyətini yüksək qiymətləndirir. Həm bir deputatlığa namizəd, həm də bir vətəndaş olaraq bu mənzərə məni həddsiz dərəcədə fərəhləndirdi.
Yerli əhalinin ölkə başçısına, onun yürütdüyü siyasi və soaial-iqtisadi kursa münasibətinə əsaslanaraq düşünürəm ki, seçkidə qalib gələcək deputatlar da yeni Milli Məclisdə işlərini xalqın etimadını doğruldacaq formada və səviyyədə qurmalıdırlar. Ölkə rəhbərliyinə, xalqa və onun verdiyi səsə sadiq olmalıdırlar. Məncə, hal-hazırda ölkədə davam edən islahatların və onun siyasi qolu olan növbədənkənar parlament seçkisinin də əsas məqsədi, mahiyyəti budur.
Cənab Prezidentin öz müsahibələrinin birində söylədiyi bu fikirlər təsadüfi deyil: “Yeni seçiləcək deputatlara tövsiyyə edirəm ki, onlar öz dairələrində daha fəal olsunlar. Vətəndaşlar onları tanısınlar, vətəndaşlar onlara müaciət etsinlər. Onlar yerli və mərkəzi icra orqanları qarşısında əhalinin problemlərinə dair məsələ qaldırsınlar. Əgər belə olarsa, bu, ictimai nəzarətin yeni bir forması olar. Bəzi hallarda deputat seçilir, sonra heç dairəsi ilə maraqlanmır. Bu, belə olmamalıdır.” Ölkə başçısının bu çıxışından aydın olur ki, hakimiyyətin digər əhəmiyyətli qolu olan Milli Məclisin də yenilənməsinə, illər uzunu formalaşan və heç də əhali tərəfindən hər zaman yaxşı qarşılanmayan ənənəvi deputat imicinin dəyişdirilməsinə ehtiyac var.
Məsələ ondadır ki, Lerik rayonunda keçirdiyimiz görüşlərdə indiyi kimi görülmüş işlərlə yanaşı, çoxsaylı problemlərlə də qarşılaşdıq. Belə qənaətə gəldim ki, bütün bu problemlərin aidiyyatı dövlət orqanları qarşısında qaldırılmasına ciddi ehtiyac var. Ancaq bu iş indiyə qədər lazımi səviyyədə görülməyib. Lerikin vətənimizin ən ucqar rayonlarından biri olduğunu nəzərə alaraq deməliyəm ki, mənim el-obamı təmsil edəcək deputatın daim yerli əhail ilə sıx təmasda olması olduqca vacibdir. Bu regionu təmsil etməli olan deputat bütün digər işlərini buraxaraq, öz diqqətini, enerjisini və bacarığını yalnız əhalinin problemlərinin həlli yollarının tapılmasına, bu problemlərin müvafiq qurumlar qarşısında qaldırılmasına və buna paralel olaraq da qanunverici orqandakı fəaliyyətə həsr etməlidir.
Əziz seçicilər!
Mənə etimad göstərəcəyiniz təqdirdə, ilk növbədə Lerik rayonunda indiyə qədər mövcud olan və sizlərin heç də razı qalmadığınız ənənəvi deputat imicinin dəyişdirililəcəyindən əmin olun. Rayon mərkəzində olacaq seçki qərargahımız yalnız seçki müddətində deyil, 5 il ərzində fasiləsiz fəaliyyət göstərəcək.  Görüşlərimizdə də qeyd etdiyimiz kimi, bu gün rayonumuzda əhalinin maariflənməsi sarıdan ciddi problemlər var. Deputatlıq dövrümüzdə qərərgahımızda olacaq hüquqşünaslar əhaliyə təmənnasız hüquqi yardım göstərəcək. Ölkə başçısının həyata keçirdiyi lahiyələrin, sərəncamların, proqramların rayonumuzla bağlı olan hissələrinin icra orqanları tərəfindən həyata keçirilməsinə ictimai nəzarət gücləndiriləcək. Seçicilərimizlə  görüşlərin keçirilməsi ilə bağlı illik tədbirlər planına uyğun fəaliyyət göstərərək, sakinlərdən daxil olan müraciətlərin qərargahımızda hüquqşünaslar  tərəfindən  aidiyyatı üzrə düzgün yönləndirilməsi və baxılması operativ formada təşkil ediləcək.
Rayonda sahibkarlığın, turizm sektorunun inkişafına dövlət dəstəyinin verilməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırılacaq. Belə ki Lerik camaatı bu sahənin rayona verdiyi və verə biləcəyi faydadan lazımınca yararlana bilmir.
Füsunkar təbiəti olan Lerikin sözün əsl mənasında turizm mərkəzinə çevrilməsi potensialı var. Bunun üçün sadəcə, işləmək, bu torpaqlara, bu el-obaya can yandırmaq, ölkə rəhbərliyi, eləcə də müvafiq orqanlar qarşısında təşəbbüs qaldırmaq lazımdır.
Məncə hər bir kəs, xüsusilə də bütöv bir rayonu təmsil edən deputat hər sözünün, hərəkətinin məsuliyyətini dərk etməli, verdiyi sözü tutmalıdır. Sizi əmin edirəm ki, mənə etimad göstərəcəyiniz təqdirdə, söylədiklərimin heç biri sadəcə söz olaraq qalmayacaq. Biz hər bir sözümüzün üstündə olmuşuq və olacağıq da. Dediklərimin, qaldırdığım məsələlərin icrası ilə bağlı lazım olan bütün tədbirləri həyata keçirəcəyik.
Millət vəkili olan şəxs seçki prosesindən tutmuş sonrakı fəaliyyətinə qədər hər bir mərhələdə şəffaflığa, ictimai nəzarətə açıq olmalıdır. Cənab Prezidentin  çıxışlarından da aydın olur ki, onun da əsas tələbi və istəyi ictimai nəzarətin formalaşmasıdır. Seçiləcəyim təqdirdə, islahatların aparıcı qüvvəsi olan  Azərbaycan Respublikasının Prezidentinə yeniləşmə sahəsində dəstək verərək, qanunların qəbul edilməsi prosesində, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində fəal iştirak edəcəyəm. Bütün çıxışlarımda qeyd etdiyim kimi, mən bu çətin yola Cənab Prezidentimizin çıxışlarından, ölkədə apardığı sosial-iqtisadi islahatlar kursundan və nəhayət, onun ortaya qoyduğu siyasi iradədən ruhlanaraq çıxmışam.
Mən Sizin dəstəyinizlə qalib gələcəyimə inanıram. Və hər birinizi əmin edirəm ki, Azərbaycanımız,  Lerikimiz, Vətənimiz üçün layiqli övlad, vəkil olmaqla, onun inkişafı, çiçəklənməsi üçün əlimdən gələni edəcəyəm.
Əziz leriklilər!
Azərbaycan xalqı, o cümlədən Lerik camaatı mərd, igid, dövlət və dövlətçiliyə sadiq olan saf camaatdır. Mən əminəm ki, 9 fevral tarixində bütün Lerik əhalisi azad, şəffaf şəkildə öz iradəsini ortaya qoyacaq və öz layiqli namizədini seçəcək.  Sizin hər birinizi seçkidə fəal olmağa, bir nəfər kimi məntəqələrə gedib seçki prosesində fəal iştirak etməyə çağırıram. Seçkiyə gəlin və səsinizə layiq olan namizədə səs verin! Sizə və dövlətimizə layiq olan insanlara səs verin ki, o da növbəti 5 il ərzində Sizin səsinizə səs versin!”
 

COMMENTS