
Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş verən zəlzələ qurbanlarının sayı 148 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda Qansu əyalətində 117, qonşu Çinxay əyalətində isə 31 nəfər ölüb. Bundan başqa, zəlzələ nəticəsində 1000-dən çox insan xəsarət alıb.
Zəlzələ nəticəsində yaxınlıqdakı yaşayış məntəqələrində su və elektrik şəbəkələri, nəqliyyat-kommunikasiya infrastrukturu zədələnib.
Bazar ertəsindən çərşənbə axşamına keçən gecə Çinin şimal-qərbindəki Qansu əyalətinin Cişişan dairəsində 6,2 bal gücündə zəlzələ baş verib.
Himalay dağlarının davamında geniş qırılma xəttində yerləşən bu bölgə Çində güclü zəlzələlərin tez-tez baş verdiyi seysmik zonalardan biridir.
2022-ci ilin sentyabrında Sıçuan əyalətində baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində ən azı 93 nəfər ölüb.
Üstəlik, 2008-ci ildə eyni əyalətdə baş verən 7,9 bal gücündə dağıdıcı zəlzələ nəticəsində 90 minə yaxın insan həlak olub.
Gununsesi.info