Bu gün “Neftçi” “Qarabağ”la qarşılaşacaq

  • By Günel
  • 16 Fevral 2025 12:28

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXIII turun daha iki oyunu keçiriləcək.

Gununsesi.info xəbər verir ki, ilk görüş turnir cədvəli baxımından xüsusi önəm daşıyan komandalar arasında olacaq. Hazırda 36 xalla 4-cü pillədə qərarlaşan “Turan Tovuz” 44 xalla 2-ci yerdə gedən “Araz-Naxçıvan”ı qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşmada əsas söz sahibi FIFA referisi Əliyar Ağayev olacaq.

Meydan sahibləri qələbə qazanacaqları təqdirdə, 3-cü pillədəki “Zirə”yə yenidən 3 xal yaxınlaşacaqlar. Qonaqlar üçün isə qələbə lider “Qarabağ”la ən azı 9 xallıq xal fərqini qorumaq baxımından önəmli ola bilər.

Hərçənd, “Araz-Naxçıvan” liderlə fərqi azalda da bilər. Bunun üçün “Qarabağ” günün ikinci matçında “Neftçi” ilə səfərdən qələbə ilə ayrılmamalıdır. İlk 2 dövrədəki qarşılaşmalarda paytaxt təmsilçisinə qalib gələn Ağdam komandası bu dəfə ciddi müqavimətlə üzləşə bilər. Çünki “ağ-qaralar” son 2 oyundan qalib ayrılmağı bacarıblar və hazırda daha yaxşı formadaya düşüblər. Hazırda 24 xalla 6-cı pillədə gedən “Neftçi” daha öndəki “Sabah”la xal fərqini ən azı bir günlüyə 4-ə endirə bilər.

Bu görüşün baş hakimi isə Rəvan Həmzəzadə olacaq.

Azərbaycan Premyer Liqası
III dövrə, XXIII tur
16 fevral
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi Arena”

Qeyd edək ki, ilk oyun günündə “Zirə” səfərdə “Sumqayıt”ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

Gununsesi.info