Braziliya prezidenti Ukrayna ilə bağlı konfransa getməyəcək

Braziliya Prezidenti Luis İnasio Lula da Silva 15-16 iyun tarixlərində İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan Ukrayna konfransında iştirak etməmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN Brasil məlumat yayıb.

Bildirilir ki, bu həftə Lula da Silva ölkənin xarici işlər naziri Mauro Vieira ilə aldığı dəvəti müzakirə edib.

Onlar konfransda Braziliya nümayəndə heyətinə prezident başçılıq etməyəcəyinə qərar veriblər. İclasda Cənubi Amerikanın ən böyük ölkəsini kimin təmsil edəcəyi hələlik məlum deyil.

Məlumata görə, Braziliya hakimiyyəti prezidentin iştirakının mənası olmadığı qənaətinə gəlib, çünki münaqişənin hər iki tərəfi konfransda iştirak etməyəcək.

İsveçrə Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Bern bu konfransa Yeddilik Qrupu, İyirmilik Qrupu və BRİKS ölkələrindən 160-dan çox nümayəndə heyəti dəvət edib.

Ölkənin hakimiyyət orqanlarının məlumatına görə, hazırda bu görüşə dəvət olunanlar arasında Rusiya yoxdur.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya nəinki İsveçrədə Ukrayna ilə bağlı konfransda, hətta Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu” altında keçirilən heç bir tədbirdə iştirak etmək niyyətində deyil.

 

 

 

İlhamə

Gununsesi.info