Borrel gürcü hökumətinə xəbərdarlıq edib

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Gürcüstanda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı hərəkətlərini qətiyyətlə pisləyib.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, hakimiyyət orqanlarına ölkənin Aİ üzvlüyünə namizəd statusunda olduğunu xatırladıb və vətəndaşların dinc nümayişlər keçirmək hüququnu təmin etməyə çağırıb:

 

“Gürcüstan Aİ-yə üzv olmağa namizəddir, mən hakimiyyəti dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram. Onların yatırılması üçün gücdən istifadə yolverilməzdir”.

Xatırladaq ki, Gürcüstanda respublika parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul edib. Mətbuatda sənədin qəbulu ilə bağlı xəbərlərdən sonra ölkədə etiraz aksiyaları başlayıb. Nümayişçilər Avropa İttifaqı və ABŞ bayraqları ilə küçələrə axın ediblər.

 

Qeyd edək ki, nümayişçilərlə toqquşma zamanı xüsusi təyinatlılar etirazçıları parlamentin yerləşdiyi Rustaveli prospektindən çıxarmaq üçün bibər qazı, şırnaq və rezin güllələrdən istifadə ediblər.

 

Keçirilən etiraz aksiyalarında 63 nəfər saxlanılıb.

 

 

 

Şəbnəm

Gununsesi.info