“Bataqlıqda çabalayan Ermənistana əl uzadırıq ki, düşdüyü vəziyyətdən çıxa bilsin”

“Biz Cənab Prezidenti müharibəni udan lider kimi tanıyırıq, lakin burada həm də mərhəmət, ədalət və humanistlik nümunəsi var”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Biz bataqlıqda çabalayan Ermənistana əl uzadırıq ki, düşdüyü vəziyyətdən çıxa bilsin. Ermənistan özü bu bataqlıqla üz-üzədir və yalnız öz siyasəti nəticəsində çətinlik yaşayır. Bizə isə heç nə edə bilməz.

Əgər biz müharibəni dayandırmasaydıq və mərhəmətlilik göstərməsəydik, Ermənistanın lideri mükafatı almayacaqdı. Ümumiyyətlə, o, Azərbaycanın liderinə layiq olmayan mövqedə qalacaqdı. Bu jest isə, ən azından, bataqlıqda çabalayan Ermənistana yönəldilmişdir.

Siz Azərbaycanın yanında olacaqsınız. Azərbaycanın siyasi, humanist və dərin strateji vizyonunu dəstəkləyəcək və bununla həm də özünüzə fayda gətirəcəksiniz.

Əksinə hərəkət etsələr, 30 il ərzində özünü təcrid siyasəti ilə ifşa edən Ermənistan və Paşinyan, keçmiş hakimiyyətləri günahlandırsa da, nəticədə ölkə bu siyasətin mənfi nəticələrini yaşayacaq. Ermənistan dövlətinin siyasəti uzun illər boyunca yanlış olub və burada həm rəhbərlər, həm də vətəndaşlar təfəkkürlərini dəyişməlidirlər.

Cinayətkarlar var, lakin Bakıda keçirilən üç günlük məhkəmə prosesi göstərdi ki, artıq bu münaqişənin qara mirası arxada qalır. Biz yeni səhifə açırıq və Ermənistanı bu yeni səhifədə konstruktiv münasibət qurmağa dəvət edirik. İndi top Ermənistan tərəfdədir.

Seçkilərdən sonra və ya əvvəl, ölkənin daxili məsələləri – konstitusiyaya dəyişiklik, referendum və digər problemlər – həll olunmalıdır”.

 

Banu

Gununsesi.info