“Əsas sual ondan ibarətdir ki, əgər bu alətlər bəşəriyyətə xidmət etmək üçün yaradılıbsa, niyə zaman-zaman bəşəriyyətin əleyhinə ola biləcək riskli ssenarilər müzakirə olunur?”
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Digər mühüm məsələ isə ondan ibarətdir ki, sosial şəbəkələr və süni intellekt platformaları daimi və müstəqil enerji resurslarına çıxış əldə edərsə, bunun nəticələri nə ola bilər? Bu, olduqca ciddi və strateji əhəmiyyət daşıyan sualdır. Çünki radikal və ya nəzarətsiz qərar mexanizmləri enerji və infrastruktur üzərində real imkan qazandıqda, nəzəri risklər praktik təhlükəyə çevrilə bilər.
Təsəvvür edək ki, süni intellekt sistemləri yüksək texnoloji inkişaf səviyyəsinə malik bir ölkənin müdafiə sənayesi kompleksinə və ya strateji obyektlərinə nəzarəti ələ keçirir. Belə bir ssenaridə həmin sistemlərin silah sistemlərinə müdaxiləsi, onların başqa ölkələrə və ya hətta öz ölkəsinə qarşı istifadəsi qlobal münaqişələrə, texnogen fəlakətlərə və insan tələfatına səbəb ola bilər”.
Deputat qeyd edib ki, artıq bu risklərin müəyyən elementləri real təhlükəsizlik mühitində müşahidə olunur:
“Peyklər, avtomatlaşdırılmış sistemlər və rəqəmsal platformalar üzərindən hibrid müharibə metodları tətbiq edilir, kiberhücumlar və informasiya manipulyasiyaları geniş yayılıb. Uzağa getmədən, Azərbaycana qarşı mühüm obyektlərə və rəsmi şəxslərə yönəlmiş dezinformasiya və kiberhücum cəhdlərinin dəfələrlə şahidi olmuşuq.
Bu baxımdan hesab edirəm ki, ölkə və cəmiyyət olaraq texnologiyaya daha dərindən yiyələnməli, xüsusilə kiber təhlükəsizlik məsələlərinə prioritet yanaşmalıyıq. Süni intellekt və rəqəmsal platformalar qaçılmaz reallıqdır. Əsas məsələ onlardan geri qalmaq deyil, onları düzgün tənzimləmək, nəzarət mexanizmlərini gücləndirmək və milli təhlükəsizlik baxımından hazır olmaqdır.
Çünki artıq fiziki və rəqəmsal mühit arasındakı sərhəd getdikcə silinir və yeni təhlükəsizlik reallıqları formalaşır”.
Banu












