“Cərimə meydançasında ilk gün ödənişsiz olacaq” -DEPUTAT

“Cərimə meydançasında duracaq haqqı ilk gün pulsuz olacaq”

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, qanun layihəsinə üç mühüm dəyişiklik təklif olunur:

“Birinci dəyişiklik avtomagistral anlayışının beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi ilə bağlıdır. Əsas mahiyyət anlayışın təsviri xarakterdən hüquqi xarakterə keçirilməsidir.

İkinci dəyişiklik cərimə meydançaları ilə əlaqədardır. Təklifə əsasən, cərimə meydançasında saxlanılan nəqliyyat vasitələri üçün ilk gün ödənişsiz olacaq. Saxlanma haqqının hesablanması avtomobilin gətirildiyi andan deyil, növbəti gün saat 00:00-dan başlayacaq. Yəni vətəndaş avtomobili həmin gün ərzində götürərsə, sutkalıq saxlama haqqı ödəməyəcək. Bundan əlavə, inzibati qərar ləğv edilərsə, duracaq üçün ödənilmiş vəsait vətəndaşa geri qaytarılacaq.

Üçüncü mühüm dəyişiklik ödənişli avtomagistrallarda sürət rejimi ilə bağlıdır. Ölkəmizdə ödənişli avtomagistral yollarının mövcudluğu sürət hədlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Təklif olunur ki, minik avtomobilləri üçün ödənişli avtomagistrallarda maksimal sürət həddi saatda 130 km müəyyən edilsin. Avtobuslar və qoşqu ilə idarə olunan nəqliyyat vasitələri üçün isə bu hədd saatda 90 km təşkil etsin”.

 

 

Şəbnəm

Gununsesi.info