Bəşir Süleymanlı: "Necə olur, Zahid Oruc USAID-in Qarabağa pul ayırmasını təklif edir, biz isə buna görə həbs olunuruq?"

Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan direktoru, hüquq müdafiəçisi Bəşir Süleymanlının növbəti məhkəmə prosesi keçirilib.

Posesdə çıxış edən B.Süleymanlı ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini, ittihamların əsassız olduğunu deyib.

B.Süleymanlı fəaliyyətini qanuni yollarla həyata keçirdiyini söyləyib. O, xidmət müqaviləsi ilə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAID) alınan vəsaitlə Azərbaycanın bölgələrində müharibədən əziyyət çəkən şəxslərə, şəhid ailələrinə və müharibə iştirakçılarına pulsuz hüquqi yardım edildiyini bildirib.

B.Süleymanlı daha sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun 2024-cü il martın 15-də Milli Məclisdə çıxışı zamanı Azərbaycan hökumətinə ABŞ və Avropa İttifaqından “işğalın nəticələrini aradan qaldırmaq üçün kömək istəməyi” təklif etdiyini xatırladıb. Z.Oruc həmin çıxışında deyib ki, “əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, USAID-in xətti ilə öz tikinti qurumlarına sifariş versinlər”.

“Necə olur ki, bir tərəfdən deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc USAID-in işğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə cəlb edilməsindən danışır, digər tərəfdən isə istintaq QHT-lərin USAID-dən xidmət müqaviləsi və bank vasitəsi ilə vəsait almalarını cinayət əməli hesab edir?”, – o sual edib.

B.Süleymanlı Z.Orucun həmin açıqlamasının çap formasını da məhkəməyə təqdim edib.