
Bakı münasibətlərdə ikitərəfli strateji tərəfdaşlığa üstünlük verir.
Azərbaycan postsovet ölkələri sırasında ən böyük xarici əlaqələrə, geniş diplomatik korpusa malik ölkələrdən biridir. Ölkəmizin 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir.
Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir.
Ötən illər ərzində dünya ölkələri və beynəlxalq təsisatlar ilə ikitərəfli əlaqələrimizin müqavilə-hüquq bazası genişləndirilir və yüzlərlə ikitərəfli və çoxtərəfli sənəd imzalanıb.
Qeyd edək ki, Azərbaycan üzv olduğu Qoşulmama Hərkatında (QH) fəaliyyətinə böyük önəm verir, bu təşkilatda iştirakını ilbəil genişləndirir. 2019-2022-ci illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edib. Xatırladaq ki, 2019-cu ildə Hərəkatın 18-ci Zirvə toplantısı Bakıda keçirilib.
Bakı bu təşkilata niyə önəm verir?
Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib.
Məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir.
“Bandunq prinsipləri” aşağıdakılardır:
- BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
3. Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etmək.
Xatırladaq ki, bu il iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Tədbirdə bir çox ölkələrin xarici işlər nazirləri, yüksək rütbəli diplomatları iştirak ediblər.
Onlardan Sudanın xarici işlər naziri Əli Əl-Sadiq Əli, Suriyanın xarici işlər naziri Feysəl Mekdad, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi, Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi və digərləri çıxışlarında Qoşulmama Hərəkatının əsasında “Banduq prinsipləri”-nin dayandığını diqqətə çatdırıb.
Bu prinsiplərin ölkələrin ərazi bütövlüyünü, sülhü, münaqişələrin sülh yolu ilə həllini, bərabərliyi təşviq etdiyini vurğulayıblar.
Tədbirdə, həmçinin Qoşulmama Hərəkatının əhəmiyyəti və təşkilatın malik olduğu imkanlar qeyd edilib. Eyni zamanda, Qoşulmama Hərəkatının bir çox problemlərin həllində mühüm rol oynadığı bildirilib.
Qeyd edək ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa da böyük önəm verir. Aİ hazırda ölkəmizin əsas iqtisadi tərəfdaşıdır, xarici ticarətimizin 40 faizdən çoxu bu quruma daxil olan ölkələrin payına düşür.
Ötən il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen imzalayıb.
Daha sonra onlar mətbuata bəyanatla çıxış edib.
“Bugünkü memorandum bizim aramızda imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanat imzalamışıq. Beləliklə, bizim yaxşı əməkdaşlıq tariximiz və yaxşı nailiyyətlərimiz var. Azərbaycanın irəli sürdüyü və Aİ tərəfindən və bizim tərəfdaşlarımız tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib” , – Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha vacibdir.
“Bu il biz Avropa İttifaqı və Azərbaycan arasında neft və qaz, bərpa olunan enerji və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq” , – Əliyev qeyd edib.
Daha sonra İlham Əliyev Azərbaycanda bərpa olunan enerji istehsalına toxunub. Prezident bildirib ki, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb.
“Biz artıq külək və günəş enerjisinə investisiya yatırmağa başlamışıq. İmkanlarımızın ilkin qiymətləndirməsini həyata keçirmişik. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarında külək və günəş enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 meqavatdır. Bizim resurs bazamız həqiqətən də böyükdür” , – dövlət başçısı deyib.
Öz növbəsində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen bildirib ki, Rusiyanın Ukraynaya qarşı başladığı işğal müharibəsindən əvvəl belə Rusiya etibarlı enerji tərəfdaşı deyildi.
“Buna görə də Aİ Rusiyadan əlavə enerji mənbələrinin diversifikasiyasına yönəldi, daha etibarlı və güvənili tərəfdaşlarla işləməyə başladı. Azərbaycanın bizim güvəndiyimiz tərəfdaşlar arasında olmasına şadam. Siz bizim üçün çox vacib enerji tərəfdaşısınız və həmişə etibarlı olmusunuz”, komissar qeyd edib.
Onun sözlərinə görə, bu memarandum Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək.
Ursula Fon der Leyen ilkin olaraq memorandumun 3 əsas bəndini qeyd edib.
“Azərbaycandan qaz ixracını iki dəfə artıracağıq. Bu sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir. Hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək”.
Komissar Anlaşma Memorandumunda ikinci əsas məqamın, bərpa olunan enerji ilə bağlı olduğunu vurğulayıb.
Ursula von der Leyen bərpa olunan enerji sahəsində Azərbaycanın çox böyük potensialının olduğunu diqqətə çatdırıb: “Bu gün biz bu sahədə yeni tərəfdaşlığın əsasını qoyuruq və bütün qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmağı öhdəmizə götürürük. Mən Azərbaycanı təşviq edirəm ki, metan qazından imtina ilə bağlı 119 ölkənin qoşulduğu razılaşmaya da qoşulsun” Avropa Komissiyasının rəhbəri vurğulayıb.
Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzərində iş gedir. Rəsmi məlumata görə, 2017-ci ildən start götürən danışıqlarda 90 faiz məsələlər razılaşdırılıb. Prezident İlham Əliyev mart ayında Aİ-nin Bakıdakı nümayəndəsi ilə görüşdə bildirib ki, yaxın zamanlarda Sazişin imzalanması mümkün olacaq. Dövlət başçısı müvafiq qurumlara razılaşmanın başa çatdırılması ilə bağlı göstərişlər verdiyini də diqqətə çatdırıb.
Bir məqamı da vurğulayaq ki, Azərbaycan xarici siyasətində başlıca olaraq ikitərəfli əlaqələrə üstünlük verir. Beynəlxalq təşkilatlarla münasibətlərdədə bu prinsip qorunub saxlanır.
Elmar
Gununsesi.info