
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə müavini Ceyms O`Brayen Konqresdəki dinləmələrdə sensasion açıqlama verib.
Gununsesi.info-nun məlumatına görə, o, deyib ki, ABŞ Bakı ilə İrəvan arasında sülh sazişi bağlanmayana qədər Azərbaycanla “adi iş” aparmayacaq,
Ceyms O`Brayen bəyan edib ki, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq, bu isə Azərbaycana yardım göstərməyi mümkünsüz edir.
Bundan əlavə, ABŞ tranzit dəhlizinin tikintisini sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir.
O’Brayen, həmçinin bildirib ki, Vaşinqton hər yüksək səviyyəli təmasda Ermənistana qarşı güc tətbiqinin tamamilə qəbuledilməz olduğunu “dəfələrlə” açıq şəkildə bəyan edib.
“Bakıdakı hakimiyyət bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur və biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti çox diqqətlə izləyirik”, – deyə o əlavə edib.
Onu da qeyd edək ki, ABŞ rəsmisi çıxışında Azərbaycanın “100 min ermənini Qarabağdan zorla köçürdüyünü” deyib.
Bəs görəsən, Bakıda nə düşünürlər? Doğrudanmı, Azərbaycan dünyanı ermənilərin könüllü getməsinə inandıra bilməyib.
Milli Məclisin deputatı Musa Urud Gununsesi.info-ya açıqlamasında bildirib ki, ABŞ rəsmisi reallıqları yaxşı bilir.
Deputatın sözlərinə görə, söhbət Cənubi Qafqazın, o cümlədən bu bölgənin ən aparıcı dövləti olan Azərbaycanın iqtisadi potensialından gedir ki, kim bu bölgədə daha çox xal qazanmaq istəyib. “Düşünürəm ki, söhbət daha çox bunun üzərindədir”.
“Neçə illərdir ki, Qərb dövlətlərinin, Avropa Birliyinin, o cümlədən Fransanın dəstəkləri çox zaman sonadək olmur. Bəzən siyasi, bəzən isə iqtisadi qərarlarla bitmiş olur.
Məsələn artıq Ukraynanı dəstəkləməkdə həm Fransanın, həm də Amerikanın mövqeyi dəyişərək tamamilə zəifləyib. Artıq sülhə doğru çağırış edilir. Belə bir vəziyyətdə necə sülhə çağırış ola bilər ki?”, deputat bildirib.
Musa Urud qeyd edib ki, sülhə çağırış əvvəldən olsaydı, bu gün Ukrayna dövləti tar-mar olmazdı:
“Hesab edirəm ki, burda Bayden hökümətinin də ənənəvi radikal mövqeyi var. Düşünürəm ki, növbəti seçkilərdə tamam başqa siyasət görəcəyik. Hesab edirəm ki, Azərbaycana qarşı aqressiyanın nəticəsi olmayacaq. Azərbaycan öz yolu ilə gedir.
Ermənistan isə Türkiyə-Azərbaycan ilə diplomatik iqtisadi əlaqələrini möhkəmləndirsə, dövlət kimi yaşamaq şansı olacaq.
Əks təqdirdə, heç bir dövlətin təyinatı ilə normal yaşama şansı mümküm olmaycaq”.
Musa Urud həmçinin hesab edir ki, ABŞ-ın Ermənistanı bu şəkildə açıq dəstəkləməsi region uğrunda mübarizədən irəli gəlir.
“Bilirsiz ki, Rusiya ilə Amerika Cənubi Qafqaz uğrunda açıq şəkildə mübarizə aparır. Bunu hər iki ölkənin rəsmilərindən dəfələrlə eşitmişik. Görünür, ABŞ höküməti bu bəyanatla Ermənistanı özünə bağlamaq istəyir.
Ancaq təcrübələr göstərib ki, belə bəyanatlar heç zaman sonadək davam etməyib. Ona görə də, Azərbaycan belə məsələlərə əhəmiyyət vermir, öz yolu var və öz yolu ilə də gedir”, – deyə deputat yekunlaşdırıb.
Şəbnəm
Gununsesi.info