İki supergüc bu görüşə hazırlaşır: Dünyanın gələcəyini müəyyən edən 5 MADDƏ

“ABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Cinpinlə görüşə hazırlaşır. Bu xəbəri Çin Xarici İşlər Nazirliyi təsdiq edib. Görüş Amerika Birləşmiş Ştatlarının San-Fransisko şəhərində gerçəkləşəcək. Liderlər San-Fransiskoda Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak edəcəklər. Bayden və Cinpin sammit çərçivəsində ayrıca görüşməyi planlaşdırırlar”.

Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Çin xarici işlər naziri Van Yi və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan görüşmüşdü:

“Onlar liderlər arasında hansı mövzuların müzakirə ediləcəyini müəyyənləşdiriblər. Bayden və Cinpin beynəlxalq məsələlərlə yanaşı, İsrail-Fələstin münaqişəsini müzakirə edəcəklər. “Blumberq” agentliyi iki ölkə arasında münasibətlərdə gərginliyin bir qədər azaldığını yazsa da, Pekinlə Vaşinqtonun məsələlərə baxışı fərqlidir.

Elxan Şahinoğlu 

Bu arada, beynəlxalq tədqiqat mərkəzləri Si Cinpinin Pekində keçirilən “Bir kəmər, bir yol” forumundakı çıxışını analiz edirlər. Yalta və Potsdam konfranslarında müəyyənləşdirilən dünya nizamı artıq yoxdur. Böyük ölkələr arasındakı münasibətlərdə inamsızlıq var, müxtəlif bölgələrdə müharibələr baş verir. Belə vəziyyətdə Cinpin dünyada yeni nizamın formalaşdırılması zərurətini bildirib.

O, hamı üçün inkişaf strategiyasını bu şəkildə sıralayıb:

1. “Bir kəmər, bir yol” üzrə nəqliyyat dəhlizləri genişləndirilməli və əlaqələndirilməlidir;
2. Dünya iqtisadiyyatı inkişaf etdirilməlidir;
3. Texnoloji innovasiyalar stimullaşdırılmalıdır;
4. Mədəni və humanitar əlaqələr gücləndirilməlidir;
5. Beynəlxalq əməkdaşlıq mexanizmləri təkmilləşdirilməlidir.

Göründüyü kimi, Si Cinpin ümumbəşəri prinsiplərdən çıxış edir, ancaq əməldə fərqli siyasət yürüdülür. Misal üçün Çin yeni texnologiyaları əldə edə bilmədikdə, onları xəfiyyələri vasitəsilə əldə etməyə çalışır. Çinin hərbi gücünü artırması da qonşularını qorxudur. Bundan başqa, Pekinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə seyrçi qalması da Qərbi daim narahat edən mövzulardandır. Buna görə də Si Cinpin Cozef Baydenlə müxtəlif mövzuları müzakirə etsə də, tərəflər öz mövqelərində qalacaq və bu dərin fikir ayrılıqlarının ortadan qaldırılmasına kömək etməyəcək”.

Gununsesi.info