BMT Təhlükəsizlik Şurasında kritik SƏSVERMƏ: Bu ölkələr bitərəf qaldı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) kritik səsvermə keçirilib.

Gununsesi.info xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Qəzzadakı münaqişədə “dərhal və uzunmüddətli fasilə” tələb edən qətnamə layihəsini müzakirə edib. Qətnamə layihəsi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.

Təhlükəsizlik Şurasının 12 üzvü qətnamə layihəsinin lehinə səs verib. Lehinə səs verən ölkələr arasında Fransa və Çin də var. Rusiya, ABŞ və Böyük Britaniya müxtəlif səbəblərdən qətnamə layihəsinə bitərəf qalıb.

Qətnamə layihəsində həmçinin HƏMAS və Qəzzadakı digər qruplaşmalara saxladıqları bütün girovları azad etməyə çağırış da daxildir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədi Malta hazırlayıb. Əvvəlki veto qoyulmuş mətnlərdə “atəşkəs” sözü əvəzinə “təcili və uzadılmış” fasilə ifadəsinə üstünlük verilib.

Səsvermədən sonra açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qreenfield, “Həmasın terror fəaliyyətini pisləməmək üçün heç bir əsas yoxdur. Bu qarşıdurmanı HƏMAS başlatdı” deyib.

Rusiyanın BMT-dəki (BMT) daimi nümayəndəsi Vasili Nebenzya Maltanın təqdim etdiyi qətnamədə böyük çatışmazlıqların olduğunu, lakin humanitar ölçüyə diqqət yetirdikləri üçün veto etmədiklərini bildirib. Qərarda əsas çatışmazlığın təcili atəşkəs çağırışının olmaması olduğunu qeyd edən Nebenzya bunun əsas prioritet olması lazım olduğunu bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası oktyabrın 7-dən sonra Qəzzada humanitar vəziyyətlə bağlı 4 qətnamə layihəsini müzakirə edib. ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya ilk dəfə Rusiyanın oktyabrın 17-də təqdim etdiyi və “humanitar atəşkəs” tələb edən qətnamə layihəsinin əleyhinə səs verib.

Bundan sonra oktyabrın 18-də Braziliyanın “döyüş əməliyyatlarına fasilə verilməsini” tələb edən qətnamə layihəsi ABŞ tərəfindən veto edilib.

Daha sonra oktyabrın 26-da ABŞ-ın “ölkələrin özünümüdafiə hüququna” toxunan layihəsi Rusiya və Çin tərəfindən veto qoyulub və həmin gün Rusiyanın humanitar atəşkəsə çağıran qətnamə layihəsinə ABŞ və Böyük Britaniya veto qoyub.

Qətnamə layihələri qəbul edilməsə də, 193 üzvdən ibarət BMT Baş Assambleyasında 121 ölkə Qəzzada humanitar atəşkəs tələb edən qanun layihəsinin lehinə səs verib.

Gununsesi.info