
“Hazırda həbsdə olan Professor Qubad İbadoğlunun bel-oma nahiyyəsindəki problem (protruziya, fəqərəarası dəliklərin daralması, degenerasiya, sinir qıcıqlanması, osteofit və sair) o qədər kəskinləşib ki, gecələr ayaqlarının ağrısından yata bilmir”.
Bu barədə Gununsesi.info-ya hazırda həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.
Onun sözlərinə görə, qardaşı gün ərzində xroniki yorğunluq və halsızlıqdan əziyyət çəkir, hərəkət qabiliyyəti hər gün məhdudlaşıb.
“İnsulinin tətbiqindən sonra onun yan təsirləri müşahidə edilməkdədir, ürək döyüntüləri 115-120 arası olur. Bu da aortanın anevrizması xəstəliyi kimi ciddi ürək xəstəliyi olan qardaşım üçün çox təhlükəlidir. 20 günə yaxındır ki, qardaşım Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar Hissəsinə nevroloq (və ya nevropatoloq) və endokrinoloq müayinəsinin keçirilməsi üçün müraciət edib. Ancaq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həkim müayinəsini təmin etmir, göndərdiyimiz sorğulara imtina cavabları verməklə məşğuldur”.
Şəbnəm Rəhimova
Gununsesi.info