
Avropa İttifaqı (Aİ) liderləri bu gün Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması barədə razılığa gəliblər.
Gununsesi.info bildirir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel məlumat verib.
O qeyd edib ki, bu qərar Aİ-yə üzv olan 27 ölkənin hamısı tərəfindən verilib.
“Bu, Ukrayna üçün sabit, uzunmüddətli, proqnozlaşdırıla bilən maliyyə təmin edir. Aİ Ukraynanı dəstəkləməkdə liderlik və məsuliyyət daşıyır. Biz təhlükənin nə olduğunu bilirik”, – Mişel vurğulayıb.
Avropa KİV-in məlumatına görə, Aİ liderləri maliyyə ayrılmasının təsdiqində Macarıstanın dəstəyini cəlb etmək üçün Ukraynaya planlaşdırılan 50 milyard avro məbləğində yardım paketi üzrə illik müzakirələrin aparılması ideyasını Aİ sammitinin qərarına daxil etməyi təklif edəcəklər.
Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Ukraynaya 50 milyard avro məbləğində maliyyə ayırmasının qarşısının alınması üçün kompromis sazişi təklif edib.
Onun sözlərinə görə, kompromis ondan ibarətdir ki, maliyyə Ukraynaya “əgər hər il bu pulu göndərməkdə davam edib-etməyəcəyimizə qərar verəcəyimizə zəmanət versəniz” şərti ilə ayrılacaq. Yəni mahiyyət etibarı ilə bu, Macarıstanın hər il yardımın qarşısını almaq imkanı deməkdir.
Sammitdən əvvəl Aİ liderləri 27 Aİ ölkəsi arasında Ukrayna üçün 50 milyard avro məbləğində maliyyənin açılmasına dair kompromis əldə olunacağına əminliklərini ifadə ediblər.
Gununsesi.info