
İordaniyada 3 əsgərin öldürüldüyü hücuma görə ABŞ ordusunun cavabı gecikməyib.
Gununsesi.info xəbər verir ki, ABŞ hərbi gəmisi Yəməndə Tehranın dəstəklədiyi husi üsyançıları tərəfindən atılan üç İran pilotsuz təyyarəsini və bir ballistik raketi vurduğunu bildirib.
ABŞ ordusundan verilən açıqlamada bildirilib, “İranın dəstəklədiyi Husi yaraqlıları Yəmənin Husilərin nəzarətində olan bölgələrindən Ədən körfəzinə doğru gəmi əleyhinə ballistik raket atıblar. Raket USS Carney tərəfindən uğurla vurulub”.
“USS Carney yaxınlıqda üç İran İHA-sına hücum edib və vurub”, – hərbçilər bu bəyanatdan qısa müddət sonra bildiriblər. Vurulan pilotsuz təyyarələrin silahlı olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.
Xatırladaq ki, İordaniyanın Suriya sərhədi yaxınlığında yerləşən ABŞ bazası İranın dəstəklədiyi silahlı qruplar tərəfindən pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. İlkin məlumata görə, hücumda 3 ABŞ əsgəri həyatını itirib, 25 ABŞ əsgəri isə yaralanıb. Hücumla bağlı açıqlamasında ABŞ prezidenti qisas alacağına söz verib və “Şübhəsiz ki, bütün məsuliyyət daşıyanları özümüz seçdiyimiz vaxt və şəkildə hesaba çəkəcəyik” deyib.
Gununsesi.info