
Türkiyəli iş adamı Acun Ilıcalının bir sıra cinayətlərdə günahlandırılan təriqət lideri, “Harun Yəhya” ləqəbli Adnan Oktarla əlaqəsinin olması iddia edilib.
Gununsesi.info xəbər verir ki, Acun məsələyə aydınlıq gətirmək üçün jurnalist Enver Ayseverin verilişində qonaq olub.
Belə ki, Adnan Acun haqqında “O da, qardaşı da mənim tələbələrim idi. Qardaşı həkimdir və uzun müddət mənim yanımda qalıb. Acun da 10-15 illik tələbəmdir. Kiçik yaşlarında valideynlərini avtomobil qəzasında itirib” deyə, bildirib.
Acun son günlər müzakirələrə səbəb olan bu açıqlamaya belə aydınlıq gətirib:
“O vaxtlar 19 yaşım var idi. Valideynlərimin vəfat etdiyi dövrə təsadüf edirdi. Özümə mənəvi olaraq yaxın hiss etdiyim dostlarımla görüşürdüm. Təxminən 35 il əvvəl idi və 1,5-2 il davam etdi. Daha sonra olduğum mühiti sevmədiyim üçün onları tərk etdim. Həmin şəkil isə Anıtqəbirdə çəkilib. 35 ildir onunla görüşmürəm. Ondan sonra nə görüşdük, nə də bir araya gəldik. İndi nə edək?”.
Qeyd edək ki, Oktar 17 noyabr 2022-ci ildə 8 658 il müddətinə həbs cəzasına məhkum edilib.
A.Ilıcalı “TV8” telekanalının və “Hull city” futbol klubunun sahibidir.
Gununsesi.info