Dünya liderlərindən Azərbaycan Prezidentinə təbrik

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

 

Gununsesi.info xəbər verir ki, onlar Azərbaycan liderinə təbrik məktubu ünvanlayıblar.

 

“Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı çatdırım”, – II Abdullah ibn Al Hüseynin məktubunda bildirilir.

 

İrakli Qaribaşvilinin məktubunda isə belə deyilir:

 

“İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə ən xoş arzularımı çatdırır, xoşbəxtlik diləyir, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi naminə fəaliyyətinizdə və səylərinizdə uğurlar arzulayıram. Gürcüstan ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsində Sizin şəxsi səyləriniz və iştirakınız çox yüksək qiymətləndirilir. Bu fürsətdən istifadə edərək, bir daha vurğulamaq istəyirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə bir çox ikitərəfli və çoxtərəfli təşəbbüslərlə zənginləşərək daha da möhkəmlənəcəkdir. Zati-aliləri, icazə verin bir daha Sizə olan ən dərin ehtiramımı bildirim və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım”.

 

Xorvatiya Prezidenti məktubda səmimi təbriklərini çatdırıb:

 

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da ikitərəfli əməkdaşlığı dostluq ruhunda möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Bunun üçün iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm!”.

 

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun təbrik məktubunda deyilir:

 

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qeyd etmək istərdim ki, Sizin strateji baxışlarınız və rəhbərliyiniz ilə həyata keçirilən səmərəli siyasi və iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu və sabitliyini möhkəmləndirib, xalqın rifahını əhəmiyyətli dərəcədə yüksəldib.

 

Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq, həmçinin nəqliyyat-logistika imkanlarının genişlənməsi gələcəkdə də Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim ötən ilin aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində misli görünməmiş səviyyəyə yüksəlib.

 

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm”.

 

 

Gununsesi.info