Vəkili məhkəmədən Əvəz Zeynallıya bəraət istədi

Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı və “Səda TV”nin əməkdaşı Elnur Şükürovun işi üzrə prosesdə vəkilləri Rəşad Əliyev və Fəxrəddin Mehdiyev müdafiə çıxışı ediblər. Məhkəmə fevralın 9-da Əvəz Zeynallı və Elnur Şükürovun son söz çıxışı ilə davam edəcək.

Gununsesi.info xəbər verir ki, müdafiə çıxışı edən vəkil Rəşad Əliyev çıxışında Əvəz Zeynallıya qarşı irəli sürülən ittihamları əsassız hesab edib.

Vəkil qeyd edib ki, tərtib olunmuş ittiham aktı ittihamın tamamilə əsassız qanunsuz olmasını təsdiq edir.

“Belə ki, Cinayət Məcəlləsinin 311-ci maddəsi rüşvət alma (passiv rüşvətxorluq) əməlinə görə məsuliyyət nəərdə tutur. 311.1-ci maddənin dispozisiyasına görə rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – başa düşülür”, – deyə o əlavə edib.

Vəkil bildirib ki, Əvəz Zeynalova qarşı ittihamlar “https://www.youtube.com/c/ XuralTV” internet kanalınının, nə də “https://www.xural.com/” xəbər saytında olan materialalrıla bağlıdırsa, bu platformaların heç birinin “XURAL YAYINLARI” Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyatı yoxdur və ona “vəzifəli şəxs kimi” ittihamların verilməsi absurd və qanunsuzdur.

“Şəxs rüşvət alarkən ya vəzifəli şəxs olmalı, və ya da rüşvət aldığı iddia edilən şəxslər barəsində hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab edilə bilər. Nəticə, “de jure” olaraq Əvəz Zeynallının jurnalistika fəaliyyəti MMC ilə bağlı deyildir, vəzifəli şəxs hesab edilə bilməz. “De-fakto” rüşvət aldığı iddia edilən şəxslər barəsində hər hansı bir hüququn əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam verilməsi yönündə Əvəz Zeynallının hər hansı bir səlahiyyəti olmamışdır, olması da mümkün deyildir”, – deyə vəkil bildirib.

Vəkil ittihamda AAYDA-nın vəzifəli şəxsindən guya 8 min manat alması ilə bağlı, həmçinin guya Rasim Məmmədovun ailə üzvündən 20 min manat istəməsi barədə epizodlara diqqət çəkiv və bildirib ki, “Əvəz Zeynalov həmin quruma (AAYDA) və ya onun vəzifəli şəxsi Şahbaz Qasımova, həmçinin Rasim Məmmədova münasibətdə hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etmək səlahiyyətinə malik şəxs deyildir və bu halda vəzifəli şəxs hesab oluna bilməz”.

Məmmədova Mehriban İslam qızından hədə-qorxu ilə 20.000 manat məbləğində “rüşvət” alınması epizodundan danışan vəkil qeyd edib ki, 08 sentyabr 2022-ci il tarixdə “haqqin.az” veb-saytında jurnalist Əvəz Zeynalovun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən şantaj, hədə-qorxu və böhtan yolu ilə 20.000 manat məbləğində pul vəsaitini tələb edərək alması barədə məlumat yayılması ilə bağlı cinayət işi başlanılsa da, hadisələrin xronoloji ardıcıllığına baxdıqda bu ittihamın Əvəz Zeynalova münasibətdə tamamilə əsassız olduğu məlum olur:

“Belə ki, Əvəz Zeynalının səsi ilə müşayiət edilən sözügedən video yayıldıqdan dərhal sonra Rasim Məmmədovun vəkili Elçin Sadıqov Gununsesi.info-ya açıqlama verərək bu haqda deyib: – “Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.

Və Əvəz Zeynallı da bir gün sonra “Xural TV”də çıxış edərək, hər hansı pul istənilmədiyini və alınmadığını deyib, “İadə” ifadəsinin sənədlərə aid olduöunu vurğulayıb.

Həmçinin Elçin Sadıqov sosial şəbəkədə və mediada açıqlama verərək baş verənlərin onun vəkil fəaliyyətinə, Əvəz Zeynalının isə jurnalist fəaliyyətinə görə “qara piar” olduğunu vurğulayıb. Həmçinin E.Sadıqov saxlanıldıqdan dərhal sonra da ilkin izahatında hadisənin vəkil fəaliyyətinə qarşı təzyiq vasitəsi olduğunu deyərək, ifadə verməkdən imtina edib.

Ancaq bir neçə gün həbsdə qaldıqdan sonra Elçin Sadıqov 180 dərəcə fərqli ifadə verərək barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilərək azadlığa çıxmağa nail olub. Həmçinin istintaqın sonrakı dövründə bir-brinə zidd 4 fərqli ifadə verərək, guya Rasim Məmmədovun ailəsindən 20 min manat alaraq Əvəz Zeynallıya verdyini, daha sonra isə öz vəsaiti hesabına qaytarması barədə ifadə verməklə barəsində cinayət işinin ayrılmasına və naməlum statuslu başqa bir cinayət işindən asılı vəziyyətdə qalıb.

Bu cinayət işi üzrə Elçin Sadıqovun adı şahid siyahısında qeyd edilsə də, o, məhkəmədə şahid ifadəsi verməkdən imtina etdiyini, bunu eyni cinayət işində təqsirləndirilən şəxs qismində olması, cinayət işi ayrı icraata keçirilsə də, hələ də statusunun təqsirləndirilən şəxs olduğunu və verəcəyi ifadənin onun əleyhinə çevrilə biləcəyi ilə izah edib.

Qeyd etməliyik ki, bu ittihamın da tamamilə əsassız olduğu həm iş materialları, həm də məhkəmə istintaqı ilə təsdiqini tapır”.

Digər ittihamlar barədə də danışan vəkil Əvəz Zeynallıya qarşı irəli sürülmüş ittihamlar üzrə bəraət verilməsi və işə bəraətverici əsaslarla xitam verilməsi barədə hökm çıxarmağı xahiş edib.

Dövlət ittihamçısı məhkəmədən Əvəz Zeynallının Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilinməsini və 10 il həbs cəzasına məhkum edilməsini istəyib.

Eyni zamanda, prokuror Cinayət Məcəlləsinin 312-ci (rüşvətə təhrik) maddəsini Zeynallının üzərindən götürüb.

Prokuror Elnur Şükürovun 312-1.1 maddə ilə beş il həbs cəzasına məhkum olunmasını təklif edib.

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı 2022-ci ilin sentyabrın 9-dan, “Səda TV”nin rəhbəri Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. Onlar rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunur.

Jurnalistlər ittihamları qəbul etmir və özlərini təqsirkar bilmir. Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.

Gununsesi.info