
Tərtərdə yüzlərlə əsgər və zabitə işgəncə verməkdə suçlananlardan 4 nəfərlik daha bir qrupun bir ildən çox davam edən məhkəməsi yekunlaşıb.
Gununsesi.info xəbər verir ki, Tərtərdəki hərbi xüsusi təyinatlı qrupun komandiri olmuş leytenant Ruslan Mikayılov və üç gizir – Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevə mayın 4-də hökm oxunub.
Onlar 180 nəfərdən çox hərbçiyə işgəncə verməkdə, bir neçəsini döyə-döyə öldürməkdə təqsirli sayılıb. Bu əməllərə görə R.Mikayılova 6 il 10 ay, C.Qəhrəmanova 6 il 8 ay, E.Əliyevə 5 il 8 ay, S.Maşıyevə isə 4 il 10 ay həbs cəzası kəsilib.
Amma onların heç biri özlərini təqsirli bilmir. Məhkəmədə ifadə verərkən deyiblər ki, verilən əmri icra ediblər, özlərini “qurban” adlandırıblar. Onlar narazıdılar ki, əmr verən yüksək vəzifəli şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb.
İyunun 4-də hökm elan olunmamışdan öncə R.Mikayılov son sözünü deyib. Digər üç təqsirləndirilən isə ötən məhkəmə iclasında danışmışdı.
R.Mikayılov vurğulayıb ki, özünü qətiyyən günahkar saymır, çünki hərbçi kimi, verilən əmri yerinə yetirib. Onun sözlərinə görə, əmr qanunsuzdursa, buna görə əmri verənlər məsuliyyət daşımalıdır.
Adları çəkilən təqsirləndirilən şəxslərin işgəncə ilə öldürdüyü iddia olunan hərbçilərdən biri Elçin Quliyevin anası Validə Əhmədova hökmü ədalətsiz sayır.
Gununsesi.info