Zaqatalada dönərxanalar bağlandı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. 

Gununsesi.info-nun verdiyi xəbərə əsasən buna səbəb ötən gün ərzində sakinlərin toyuq dönərindən kütləvi  zəhərlənməsidir.  Günün ikinci yarısından başlayaraq gecə saatlarına qədər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib. Müraciət edənlər arasında azyaşlı insanlarda var.

Məsələnin ciddiliyi nəzərə alınaraq rayon prokurorluğunda araşdırmalar başlanılıb, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri rayona ezam ediliblər.

Yerli sakinlər bildiriblər ki, 40 nəfər həkimə müraciət edibsə,  onlarla insan evdə yaxınlarının vasitəsilə türkəçarələrlə müalicə alır. Digər bir qrup sakin isə toyuq dönəri, eləcə də digər dönər məmulatları üçün verilən sertifikatların kağız üzərində olmasını iddia edir və son hadisəni əsas gətirərək bildirir ki, bu işlərə nəzarət mexanizmi ancaq hadisə baş verəndən sonra gündəmə gəlir.Nəticə etibarı ilə hadisədən sonra görülən tədbirlərin isə effekti əhəmiyyətini itirir.

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, müraciət edən pasiyentlərə tibbi yardımlar göstərilib, müayinə və müalicələrə cəlb olunublar.

Gununsesi.info