Zahid Oruc:” Murova qayıdan hər kəlbəcərli sübut edir ki, yüksəkliklər orada yaşamağa layiq olan..”

1992-ci ci il  aprel ayının 7-dən 8-nə keçən gecə baş verən Ağdaban faciəsi 90-cı illərdə Ermənistanın Azərbaycana qarşı genişlənən işğal siyasətinin tərkib hissəsi idi. Qarabağ və ətrafı ərazilərin, strateji yüksəkliklərin ələ keçirilməsi Şuşa və Kəlbəcərdən başlandı.

Monte Melkonyan və digərlərinin səsgücləndiricilərlə əhaliyə aşağılayıcı çağırışı heç vaxt unduulmayacaq və Azərbaycan insanının vertolyotla malını-mülkünü deyil, yalnız canını  çıxarması milli yaddaşımıızın ağrı və əzab səhnələridir. 800-ə yaxın dinc sakinə qarşı törədilən qəsdlər, işgəncələr, 32 nəfərin qətlə yetirilməsi bütün Qarabağda sonrakı cinayətlərin müqəddiməsi idi, lakin eyni zamanda Ağdabanda mədəni soyqırım da baş vermişdi. Əslində çoxəsrlik tariximizdə yeni olmayan bu hadisə-bir vaxtlar Göyçə, Zəngəzur mahalında, İrəvanda-bütün tarixi torpaqlarımızda milli irsimizin məhv edilməsi Ağdabanda da Aşıq Şəmşir ocağına qarşı törədildi. Böyük xalq sənətkarının əlyazmalarının məhv edilməsi mənəvi vandalizm nümunəsiydi- lakin beynəlxalq miqyasda mədəni irsin qorunmasına məsul olan UNESCO o zaman susmuşdu, indi üzərimizə sistemli hücumlarının, Yeliseydən alınan təlimatlarla  tarixi mirasın yox edilməsində iştirak etdiyinin göstərgəsiydi.

Aşıq Şəmşir  bütün həyatını elə, obaya, sadə insanlara, sənətə-Azərbaycan mədəniyyətinə həsr edən ozan idi. Həm şifahi ədəbiyyatda-gündəlik sözün-sənətin xidmətində olan insanların həyatında, o cümlədən incəsənət və mədəniyyət təşkilatların fəaliyyəti nəticəsində əlyazmların yanmadğı sübut olundu. Azərbaycanlıların izini bütün Qarabağ və Kəlbəcərdən silməyə çalışan, ona “Karvaçar”  kimi bədheybət adı qoyanların qədim erməni tarixi yaratmaq planı 2020-ci ildə iflasa uğradı.  

1993-cü ildə Kəlbəcərin iitirilməsi və hakimiyyət böhranı, Ulu Öndərin dövlət idarəçiliyinə Birinci şəxs kimi qayıtması həm də Ağdaban faciəsinə layiqli qiymətin verilməsi ilə nəticələndi. Faciənin “20-ci əsrin utancı” kimi qiymətləndirməsi özlüyündə sərt dəyərləndirmə idi və onun beynəlxalq məkana çıxarılması erməni siyasi kimliyini ifşa etməkdə önəmli rol oynadı.

Heydər Əliyevin Kəlbəcər camaatı ilə keçirdiyi görüşlər, səsləndirdiyi çağırışlar, “biz o yurdlara qayıdacağıq, mütləq qayıdacağıq, Kəlbəcərin o cənnət yerləri, İstisuyu ” kəlamları ümummili nidaya çevrilməklə, prezident İlham Əliyevə ruh verdi və 44 günlük savaşın ideologiyasına döndü. Çağırış bir dövlət rəhbərinin xalqı torparlamaq və məğlubiyyət acısından çıxarmaq üçün rəsmi nitqinin bir parçası deyil, ilahi nida kimi uzagörən plan statusunda qəbul edilir. Bizim Azadlıq və Qurtuluş savaşımız  həm də Ağdabanda ruha çevrilənlərin qisası idi, digər tərəfdən, tarixin təkrarı-melkonyanlara, onların varislərinə-işğalçı balalarına dövlətimiz 1 dekabra qədər vaxt verdi. Tarix  göstərdi ki, soyumuzu məhv etmək istəyənlər üçün Kəlbəcər Axilles dabanları oldu və  düşmənin ayaq izləri belə o yurdlarda qalmadı.

 

İndi Kəlbəcərin bütün kənd və qəsəbələri Böyük qayıdışa hazırlaşır. O həm də Mədəni Dönüş- aşıq Şəmşir kimi el sənətkarlarının irsinə qayıdış deməkdir. Ağbənddən Zoda qədər bütün sərhəd boyu müqəddəs məkan kimi, məbəd kimi qorunur.

 

Qədirbilən Kəlbəcər camaatı  doğma torpaqlara müqəddəs qayıdışı gözləyir. Biz inanırıq ki, Ağdabanda Aşıq Şəmşir irsini ədəbi məbəd, mənəvi qala kimi ucaltmaq, onun irsini kitabxanalar-səhnələrə qaytarmaq mümkün olacaq. Ermənilər bu irsi nə qədər sildiklərini zənn etsələr də, Vətən Müharibəsində əsgər və zabitlərimiz, gələcəkdə isə ziyalılarımız  əksini nümayiş etdirdilər.

 

Aşıq Şəmşirin əsərlərində ana xətt kimi keçən Vətənə məhəbbət və düşmənə nifrət idealı qalib gəldi. Ağdaban faciəsi Kəlbəcərin Xocalı ağrısına çevrilərək dərin yaralar yaratsa da həm kəlbəcərliləri, həm də bütövlükdə millətimizi birləşdirdi və milli varlığımızı, soyumuzu, əsrlərdən gələn irsimizi qorumağa səfərbər etdi. Bu mənada söz və sənət adamlarının əlyazmaları məhşur deyimdə olduyğu kimi, heç vaxt yana bilməz. Bir vaxtlar 3-cü Reyxin təbəələri də Berlində qədim kitabların tonqalını-mədəni inkvizisiyanı həyata keçirirdlər. Aqibətləri hamıya  bəllidir.

 

Şəmşirin el yaddaşında yaşayan əsərləri təkcə böyük Ustada xalq məhəbbəti deyildi, həm də ermənilərlə mənəvi və ədəbi savaşın bir parçasıydı. Ona görə də işğal uzun çəkə bilməzdi. Murova qayıdan hər kəlbəcərli sübut edir ki, YÜKSƏKLİKLƏR orada yaşamağa layiq olan və qurucu əlləri o torpaqlarda onlarla kəndi, yaşayış məntəqələrini yaradan qədirbilən kəlbəcərlilərin haqqıdır.

Ona görə biz çox ümidvarıq ki, Azərbaycan dövləti İlham Əliyevin rəhərliyi ilə Vaqif məqbərəsinin bərpa olunduğu kimi, Şəmşir məqbərəsi də qələbəmizin simvolu kimi qurulacaq. Azərbaycan mədəniyyətinin mühüm qolu olan aşıq sənətinin parlaq obrazlarından olan həmin irs təkcə Kəlbəcərin, yalnız millətimizin deyil, dünyanın qiymətli xəzinəsi kimi qorunub saxlanacaq. Bizim üçün faciə ildönümləri indi quruculuğun, bərpanın və Böyük Qayıdışın  hesabatı hadisəsidir.

 

 

 

Zahid Oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri.