
75! İndi bu yaşa çatana əsl “milli qəhrəman” adı veriləsidir. Hər kişinin işi deyil bu! Vallah-billah, deyil. Bu çirkli havadan udub, bu çirkli sudan içib bu çirkli meqapolisdə 75 il zahiri sağlam, batini təmiz qalmaq! Böyük işdir.
Təsəvvür elə: bu ölkədə nəinki pensiya yaşına çatırsan, hətta onu ötüb-keçirsən! Və öz pensiya yığımından on ildir ki, xımır-xımır yeyirsən! Üstəlik hələ həyat eşqini də yüz yaşa kökləmisən.
Bu gün iki belə milli qəhrəmanımız var: biri xalq artisti Rasim Balayev, o birisi də heç bir adı, titulu olmayan Akif İslamzadə. Hər ikisi xalqın artistidir. “Art” sənət deməkdir. Hər ikisi yüksək sənətin sonuncu mogikanlarıdır. Biri bədii kinonun sevilən üzü, o biri xalis musiqinin unudulmaz səsi. Heyf ki, o sevilən üzü bizə yenidən göstərəcək yeni kino da artıq çəkilmir. Heyf ki, o unudulmaz səsi bir daha canlı dinləyəcək deyilik. Akif İslamzadə səsini, heyf ki, erkən itirdi. Ancaq biz onu sənət üçün çoxdan qazanmışdıq. Təsəllimiz budur.
Adam var, vokalçıdır, səsi özündən qabaq unudulur. Sənətkar da var ki, səsini itirsə də, özünü itirmir. Həyatımızdan, yaddaşımızdan itmir. Akif İslamzadə kimi! Rasim Balayev hətta bundan sonra heç vaxt heç bir filmə çəkilməsə də, özü ayaqüstə gəzən canlı kinodur. Kinodan fərqli olaraq, həyatda rol oynamağı bacarmadığından, yaşadığı həyat əsl kinodur. Akif İslamzadə bundan sonra heç vaxt canlı oxuya bilməsə də, oxuduqları həmişə canlıdır, diridir. Ötən günlərini onlara – bu iki sənət nəhənginə heç kimsə qaytarası deyil. Ancaq ötən günləri gələn günlərinə də möhürünü vurub. Rasim Balayevə “İstiqlal” ordeni verdilər. Haqqıdır, bir söz demirəm. Ancaq Akif İslamzadə milli İstiqlalın özünü meydanlarda mübarizəsi ilə qazanmış kişidir. Rasim Balayevin adı “İstiqlal”a yazıldı, haqqıdır. Ancaq Akif İslamzadə adını çoxdan İstiqlalın tarixinə yazdırıb. Özü tarix yazanlar tarixdən başqa nə umacaq ki?!
Bununla belə… Akif İslamzadənin 75 yaşı da dövlətin diqqətindən qaçmamalıydı. Onsuz da dövlətinə qazandırdığı istiqlaldan payı var. O ayrı! “İstiqlal” ordeni olmur-olmasın. Onsuz da xalqının artistidir. Amma ona da “xalq artisti” adını vermək olmazdımı?
Mədəniyyət naziri, hüquqşünas, cənab Adil Kərimliyədir sözüm: Akif İslamzadənin də mədəniyyət qarşısında hüququ var. Milli mədəniyyətin canlı abidəsi kimi qorunmaq hüququ… Mədəniyyətə xidmət etmiş belə sənət qəhrəmanlarının bu yaşda mədəniyyətdən xidmət görmək haqqı yoxdurmu?! Var. Bəlkə heç özü ummur, amma könlü küsməzmi?!
Nə bilim! Bəlkə də belə yaxşıdır…
Uzun sözün qısası: hər iki sənətkarı təbrik edirik. Siz heç vaxt sənətə kar umacağı ilə baxmadınız. Sənəti kara qurban etmədiniz. Sənətkar oldunuz. Bu olduğunuz yer çox şərəflidir. Olduğunuz yerdə, olduğunuz kimi qalın. Keçmişiniz yadımızda, gələcəyiniz yanımızda olsun!
Bahəddin Həzi